Yüksək nəticə riyaziyyat, kimya, tarix, coğrafiya ixtisasları üzrədir

Müəllimlərin işə qəbulu üzrə müsabiqənin test imtahanı mərhələsi başa çatıb. Bu mərhələyə 44.532 namizəd dəvət edilib. Onlardan 39163 nəfər imtahanlara qatılıb. İmtahanlarda fəallıq 88 faiz müşahidə olunub. Bu barədə Təhsil İşçilərinin Peşəkar İnkişafı İnstitutu nəzdində İnsan resursları Mərkəzinin müdir əvəzi Murad Camalzadə məlumat verib. O, “Azərbaycan müəllimi” qəzetinə açıqlamasında bildirib ki, 13 gün ərzində 19 fənn üzrə test imtahanları keçirilib. İmtahanlarda iştirak edənlərdən 4612 nəfər, yəni imtahan verənlərin 11 faizi 80 faizdən, 18613 nəfər, yəni 48 faizi 60 faizdən yüksək nəticə göstərib.

 

M.Camalzadənin sözlərinə görə, ən yüksək aktivlik  riyaziyyat və fiziki tərbiyə ixtisasları üzrə müşahidə olunub: “Riyaziyyat və fiziki tərbiyə ixtisasları üzrə aktivlik 90 faizdən çoxdur. Ən yüksək nəticə göstərənlər riyaziyyat, kimya, tarix, coğrafiya ixtisasları üzrə qeydə alınıb”.

 

M.Camalzadənin sözlərinə görə, dünən test imtahanının nəticələri namizədlərin şəxsi səhifələrinə göndərilib.

 

Ruhiyyə Daşsalahlı

 



02.08.2018 | 15:30