Şəhid övladlarının iştirakı ilə bayram tədbiri

Paytaxt məktəbində Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki ümumi təhsil müəssisələrində təhsil alan şəhid övladlarının iştirakı ilə “Qələbə ətirli Novruz” adlı bayram tədbiri keçirilib.

 

Məktəb-Lisey Kompleksində keçirilən bayram tədbirində BŞTİ-nin müdir müavini Hüseyn Əsgərov, Nərimanov Rayon İcra Hakimiyyətinin nümayəndəsi Gülşən Yaqubova, İdarənin müvafiq struktur bölmə rəhbərləri,  məktəb direktorları, şəhid alilərinin üzvləri və şagirdlər  iştirak ediblər.

 

Tədbir iştirakçılarını salamlayan MLK-nın direktoru Esmira Quliyeva xalqımızın milli ruhunu, mənəvi-əxlaqi dəyərlərini özündə yaşadan Novruz bayramı ənənələrini gələcək nəsillərə aşılamağın vacibliyindən danışıb. Bildirib ki, tədbir eyni zamanda 30 illik həsrətdən sonra bayram tonqallarının doğma yurd yerlərimizdə alovlanmasının səbəbkarları olan Vətən Müharibəsi şəhidlərinə  sonsuz minnətdarlıq, vəfa borcumuzun göstəricisidir. 

 

BŞTİ-nin müdir müavini H.Əsgərov çıxış edərək əsrlərin sınağından çıxmış mənəvi dəyərlərimizi, adət-ənənələrimizi özündə əks etdirən Novruz bayramının insanlar arasında birlik və bərabərliyin möhkəmləndirilməsi, onların biri-birinə mərhəmət və diqqət göstərməsi kimi sağlam təməllər üzərində bərqərar olduğunu söyləyib.

 

Nərimanov rayon İH-nin nümayəndəsi G.Yaqubova və digər çıxış edənlər çoxəsrlik Novruz ənənələri, ümumilikdə milli-mədəni dəyərlərimiz barədə şagirdləri məlumatlandırmaq, onları keçmişimizə məhəbbət ruhunda tərbiyə etmək işində belə tədbirlərin əhəmiyyətindən danışıblar.

 

Qeyd edək ki, “Qələbə ətirli Novruz”  adlı bayram tədbiri BŞTİ-nin təşəbbüsü ilə reallaşan “Bahar çələngi” layihəsi çərçivəsində keçirilib.

 

Bayram şənliyində şagirdlər bahar bayramına aid mahnılar ifa edib, şeirlər səsləndirib, maraqlı səhnəciklər nümayiş etdiriblər.

 

 



17.03.2022 | 15:53