Universitet əməkdaşları şəhid ailələrini ziyarət ediblər

Mingəçevir Dövlət Universitetinin (MDU) rektoru Şahin Bayramov və bir qrup əməkdaşı Aprel döyüşləri şəhidlərinin və Vətən müharibəsində şəhid olmuş məzunların ailələrini ziyarət ediblər. Həmçinin, universitetin kollektiv üzvləri hazırda övladı MDU-da təhsil alan şəhid Yasən Əhmədovun da ailəsinə baş çəkiblər.

 

Ailə üzvləri ilə görüşdə Müzəffər Ali Baş Komandan İlham Əliyevin  rəhbərliyi ilə 44 günlük Vətən müharibəsində tarixi Zəfərin qazanılmasında qəhrəman əsgər və zabitlərimizin mühüm pay sahibi olduğunu qeyd edən universitetin rektoru Ş.Bayramov bütün şəhidlərimizə rəhmət, qazilərimizə şəfa diləyib.

 

Ölkəmizin ərazi bütövlüyünün təmin edilməsi uğrunda böyük şücaət göstərən mərd oğullarımızla qürür duyduqlarını bildirən MDU əməkdaşları layiqli və vətənpərvər oğullar böyüdən valideynlərə dərin ehtiramlarını bildirib, onları qarşıdan gələn Novruz bayramı münasibətilə təbrik ediblər.

 

Qeyd edək ki, 44 günlük Vətən müharibəsində MDU-nun 4 əməkdaşı, 120-dən çox tələbə və məzunu iştirak edib, 5 məzunu şəhidlik zirvəsinə ucalıb. Gənclərin vətənpərvərlik ruhunda yetişdirilməsinə xüsusi əhəmiyyət verən MDU-da qəhrəman şəhidlərimizin adlarının əbədiləşdirilməsi, onların göstərdikləri şücaətlərin gənc nəsil arasında təbliğ edilməsi, şəhid ailələrinin ziyarət olunması və müharibə iştirakçıları ilə görüşlərin keçirilməsi diqqət mərkəzində saxlanılır.

 



18.03.2022 | 16:03