ADPU-da keyfiyyət təminatı və tələbələrlə iş sahəsində yeni yanaşmalar tətbiq edilir

Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Elmi Şurasının növbəti iclasında ötən dövr ərzində professor (bir nəfər) və dosent (beş nəfər) elmi adını alan əməkdaşlara diplomlar  təqdim edilib.

 

Sonra universitetin Keyfiyyətin təminatı şöbəsinin müdiri, dosent Qalib Şərifov 2020-2021-ci tədris ilində ADPU-nun professor-müəllim heyətinin reytinq qiymətləndirilməsinin yekunları haqqında məruzə edib. Diqqətə çatdırılıb ki, artıq 4 ildir Pedaqoji Universitetdə əməkdaşların reytinq qiymətləndirilməsi həyata keçirilir və bu sahədəki fəaliyyətin təkmilləşdirilməsi üzərində davamlı iş aparılır.

 

Son qiymətləndirmənin nəticələrinə görə, müxtəlif fakültə və kafedraların əməkdaşları olan 160 nəfər professor-müəllimin mükafatlandırılması nəzərdə tutulur.

 

Qeyd edək ki, reytinq qiymətləndirilməsində əməkdaşların elmi-tədqiqat fəaliyyəti, tələbə məmnunluğu və sosial aktivlik üzrə parametrlər nəzərə alınır.

 

Daha sonra ADPU-nun Tələbələrlə iş və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Turan Kərimli şöbənin 2021-ci ildəki fəaliyyəti haqqında hesabatla çıxış edib. Bildirilib ki, universitet qəzetinin yeni tərtibatda nəşrinə başlanılıb, ADPU-nun 100 illik yubileyi ilə bağlı kitablar və çap məhsullarının hazırlanması, təşkilati məsələlər yüksək səviyyədə yerinə yetirilib.

 

Sonda rektor, professor Cəfər Cəfərov yekun nitqi söyləyərək qarşıda duran vəzifələrlə bağlı tövsiyələrini verib.

 

 



18.03.2022 | 18:00