ADNSU-nun şəhid məzunlarının ailələri ziyarət olunub

Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) əməkdaşları Novruz bayramı münasibəti ilə 44 günlük Vətən müharibəsində şəhidlik zirvəsinə ucalan məzunların ailələrini ziyarət ediblər.

 

Bakı ilə yanaşı, Azərbaycanın müxtəlif bölgələrində - Qazax, Ağstafa, Şəki, Oğuz, Neftçala və digər rayonlarda şəhid ailələrini ziyarət edən nümayəndə heyəti universitetdə şəhidlərin xatirəsinin əbədiləşdirilməsi istiqamətində görülən işlərdən danışıb. ADNSU-da şəhid məzunların xatirəsinə həsr edilmiş abidənin tələbələrdə vətənpərvərlik hisslərinin aşılanmasında mühüm rol oynadığı qeyd olunub. Növbəti tədris ilinin əvvəlinədək ADNSU-nun şəhid olmuş məzunlarının adına auditoriyaların açılmasının planlaşdırıldığı da vurğulanıb. Bildirilib ki, universitet müntəzəm olaraq ADNSU-nun qəhrəman məzunlarının ailələri ilə sıx əlaqə saxlayacaq, onların problemlərinin həllinə kömək göstərəcək.

 

Sonra nümayəndə heyəti şəhid ailələrinə bayram sovqatı təqdim edib.

 

 



19.03.2022 | 14:57