NOVRUZ - bolluq, bərəkət, dostluq, həmrəylik, yüksək mənəviyyat BAYRAMI

Azərbaycan xalqının ən qədim, ənənəvi bayramlarından biridir Novruz. Təbiətin canlanması, günəşin artan istiliyi, təmizlik, təravət, bolluq, firəvanlıq bayramıdır. Su, Od, Yel, Torpaq çərşənbələri ilə başlayır Novruzun gəlişi. Havaların tədricən isinməsi çaylardakı buzları əridir, bütün suları bir-birinə qovuşdurur və Su çərşənbəsinin vaxtı belə yetişir. Günəş torpağı qızdırmağa başlayanda, sıra Od çərşənbəsinə gəlir. Elə ki, Yel çərşənbəsi başlayır, bəzi ağaclar artıq tozlanır. Nəhayət, torpaq bir az da qızır, Torpaq çərşənbəsini gətirir, təbiət, demək olar, tam oyanır. Gecə ilə gündüzün bərabərləşdiyi 21 mart tarixində isə Novruz təqvimdə uzun zamandır, xalqımızın milli bayramı kimi qeyd olunur. Təkcə Azərbaycanda deyil, bütün Şərqdə bayram edilir. Novruz yalnız onu keçirən türk xalqlarının yox, ümumilikdə bəşəriyyətin mənəvi dəyəridir. 2010-cu ildə BMT Baş Assambleyasının 64-cü sessiyasının iclasında martın 21-nin "Beynəlxalq Novruz Günü” elan olunması da bununla bağlıdır.

 

Dostluq, həmrəylik və yüksək mənəviyyat bayramı kimi Novruz insanları birləşdirir, onları mənəvi saflığa, yardımlaşmağa, qarşılıqlı dəstəyə, xoş rəftara kökləyir. Bayramın özəlliyi, gözəl cəhəti həm də ondan ibarətdir ki, siyasi münasibətlərə də nüfuz edə bilir. Yəni, siyasətdə bayramlaşma təcrübəsi, qarşılıqlı hörmət və etibarlı münasibətləri tərənnüm edən yeni siyasi mədəniyyət formalaşdırır. Prezident İlham Əliyev ilə ölkəmizdə fəaliyyət göstərən siyasi partiya rəhbərləri arasında qarşılıqlı bayramlaşma ölkədə yeni, mütərəqqi siyasi mədəniyyətin təşəkkül tapmasını göstərir. 

 

Novruzun “Papaq atmaq”, “qulaq falı”, “tonqaldan tullanmaq”, “üzük falı”, “səməni cücərtmək”, “yumurta döyüşdürmək” kimi qədim adətləri Azərbaycan xalqının tarixini, onun zəngin folklorunu və milli fəlsəfəsini özündə ehtiva edir. Evlərdə  səməni xonçaları hazırlanır, yumurtalar boyanır, paxlava, şəkərbura, qoğal bişirilir, milli xörəklər süfrələrin bəzəyinə çevrilir.

 

Novruz bəlkə yeganə bayramdır ki, kütləvi şənliklər təşkil olunur və bu şənliklərdə xalq bir yerə toplanır, bərabər deyir, bərabər gülüb-şənlənir. Bu şənliklərdə kəndirbazlar, pəhləvanlar öz güclərini nümayiş etdirir, meydanlarda Kosa və Keçəlin iştirakı ilə komik tamaşalar göstərilir. Kosa qışı, Keçəl isə yazı simvolizə edir. Kənd yerlərində at yarışları – çovqan oyunu keçirilir. Bakıda əsas bayram tədbirləri əfsanəvi Qız qalasının ətrafında baş tutur. Həmin gün nəhəng qalanın yüksəkliyini nəhəng səməni bəzəyir, gözəl Bahar qızı Qız qalasında  təbiətin oyanmasını, həyatı simvolizə edən məşəli yandırır.

 

Novruz ənənələri incəsənətdə yaşayır, xalqın yaddaşında hər zaman  qorunur. Novruz haqqında yazılan mahnılar, çəkilən filmlər bu bayramı gələcək nəsillərin hafizəsinə ötürür.

 

Novruz bayramı ilə əlaqədar Azərbaycan mədəniyyətinin tarixində mühüm hadisə ondan ibarət oldu ki,  Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti, UNESCO və ISESCO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın böyük səyi nəticəsində Novruz bayramı UNESCO tərəfindən Qeyri-Maddi Mədəni İrs üzrə siyahıya daxil edildi. 28 sentyabr - 2 oktyabr 2009-cu ildə Birləşmiş Ərəb Əmirliklərinin Abu-Dabi şəhərində keçirilmiş UNESCO-nun Qeyri-Maddi Mədəni İrs üzrə Hökumətlərarası Komitəsinin 4-cü Sessiyası çərçivəsində qəbul edilmiş qərara əsasən, Novruz çoxmillətli (Azərbaycan, Hindistan, İran, Qırğızıstan, Pakistan, Türkiyə, Özbəkistan) nominasiya kimi UNESCO-nun Qeyri-Maddi Mədəni İrsin Reprezentativ siyahısında yer aldı.

 

Azərbaycan erməni işğalı səbəbindən 30 ilə yaxın bir müddətdə ərazisinin 20 faizində Novruz tonqalları yandıra bilmədi. Amma buna inam hissi həmişə var idi. Necə ki, ulu öndər Heydər Əliyev deyirdi:

 

“Gün o gün olacaq ki, Novruz bayramını bir dəfə Şuşada, o biri il Laçında, o biri il Kəlbəcərdə, Ağdamda, Füzulidə, Cəbrayılda, Zəngilanda, Qubadlıda keçirəcəyik. Əminəm ki, belə də olacaqdır. Mən buna inanıram və bu inamla yaşayıram, bu inamla işləyirəm və bu inamla da Azərbaycan xalqına rəhbərlik edirəm”.

 

Bəli, o gün gəldi və Prezident, Ali Baş Komandan İlham Əliyevin uğurlu ordu siyasəti, güclü liderliyi sayəsində, Azərbaycan əsgərinin qəhrəmanlığı ilə xalqımız Qarabağı işğaldan azad etdi. Artıq 2-ci ildir ki, işğaldan azad olunmuş torpaqlarımızda təbiətin oyanışını öz gözlərimizlə görür, axan çayların şırıltısını eşidir, orada çiçəkləyən ağaclara toxuna bilirik. Novruz tonqalları indi  Şuşada yanır, Ağdamda yanır, Zəngilanda, Qubadlıda yanır... hər yerdə yanır və öz gur şöləsi ilə bütöv Azərbaycanı isidir.

 



20.03.2022 | 10:00