Naxçıvan Dövlət Universitetində soyqırımla bağlı tədbir keçirilib

Naxçıvan Dövlət Universitetində 31 Mart- Azərbaycanlıların Soyqırımı Gününə həsr olunmuş tədbir keçirilib.  Universitetin tədris və tərbiyə işləri üzrə prorektoru Rafiq Rəhimov ümummilli lider Heydər Əliyevin imzaladığı “Azərbaycanlıların soyqırımı haqqında” fərmanın əhəmiyyətindən danışıb. Bildirib ki, fərmanda ermənilərin Azərbaycan xalqının başına gətirdiyi müsibətlər dünyaya bəyan edilib, bu qanlı əməllərə siyasi qiymət verilib. Vurğulanıb ki, bu tarixi sənəd Azərbaycanın indiki və gələcək nəsillərinin milli yaddaşının qorunması baxımından da fundamental bir proqramdır. Ali Baş Komandan İlham Əliyevin qətiyyəti və  şanlı ordumuzun rəşadəti ilə qazandığımız qələbəni düşmənə verilən layiqli dərs kimi dəyərləndirən prorektor  gənc nəsli soyqırımı qurbanlarının, hər iki Qarabağ müharibəsi şəhidlərinin xatirəsini daim əziz tutmağa və  tarix boyu bədnam qonşularımızın başımıza gətirdikləri faciələri unutmamağa çağırıb.

 

Azərbaycan tarixi kafedrasının baş müəllimi Zamin Məmmədov “31 mart-tarixi yaddaşımızdan silinməyən soyqırım”,  Tarix müəllimliyi ixtisası üzrə IV kurs tələbəsi Cabbar Məmmədov “1918-ci ildə Naxçıvanda mart soyqırımları” mövzusunda çıxış ediblər.

 

Sonda soyqırım hadisələrini əks etdirən sənədli film nümayiş olunub.

 

 



30.03.2022 | 17:17