"Unutma, unutdurma!" adlı tədbir keçirilib

Azərbaycan Dövlət Pedaqoji Universitetində riyaziyyat fakültəsi və Tələbə Həmkarlar İttifaqı Komitəsinin birgə təşkilatçılığı ilə 31 Mart - Azərbaycanlıların Soyqırımı Gününə həsr olunmuş "Unutma, unutdurma!" adlı anım tədbiri keçirilib.

 

Rektor, professor Cəfər Cəfərov bildirib ki, 1918-ci ilin qanlı mart qırğınlarında azğınlaşmış erməni-bolşevik dəstələri tərəfindən demək olar, Azərbaycanın bütün ərazisində amansız etnik soyqırımı aktı həyata keçirilib. Rektor qeyd edib ki, uzun illər sovet ideologiyası bu həqiqətləri unutdurmağa çalışsa da, Azərbaycan müstəqilliyini yenidən bərpa edəndən sonra xalqımızın ümummilli lideri Heydər Əliyev tərəfindən milli-tarixi kimliyimiz özümüzə qaytarıldı. 31 mart soyqırımı da dövlət səviyyəsində qeyd olunmağa başlandı:”Bu gün hər bir azərbaycanlı bu qanlı tarixi öz yaddaşında əbədi yaşadır. Sabahın gənclərini tərbiyə edəcək bu günün tələbələrinin, Pedaqoji Universitetin yetirmələrinin də bu işdə üzərlərinə böyük məsuliyyət düşür”.

 

Tədbirdə çıxış edən Milli Məclisin deputatı Sabir Rüstəmxanlı bildirib ki, belə anım tədbirlərinin Pedaqoji Universitetdə keçirilməsi olduqca böyük əhəmiyyət daşıyır. Müəllimlərin tərbiyəsi, yol göstərməsi bütün gələcək nəsillərin necə formalaşmasını müəyyənləşdirən əsas amildir. Onun sözlərinə görə, gənclər tarixi inkişafın gedişini dəyərləndirməyi bacarmalıdırlar.

 

Millət vəkili çıxışını Vətən müharibəsi dövründə sözlərinə mahnı bəstələnən "Millətəm" şeiri ilə yekunlaşdırıb.

 

Vətən müharibəsi şəhidi, riyaziyyat fakültəsinin Riyaziyyat-informatika müəllimliyi ixtisasının məzunu Qoşqar Ömərovun anası Rəqibə Ömərova da tədbirdə çıxış edib. Bildirib ki, Qoşqar müəllim kimi minlərlə şəhidimiz şagirdlərin ürəyində, insanların xatirələrində yaşayır.

 

Sonra şəhidin həyat yolundan bəhs edən videoçarx nümayiş olunub.

 

Tədbir bədii hissə ilə davam edib.

 



31.03.2022 | 16:51