İstanbul Texnik Universitetinin rəhbərliyi Naxçıvan Dövlət Universitetində olub

Türkiyənin İstanbul Texnik Universitetinin rektoru, professor İsmayıl Koyuncu, universitetin prorektoru, professor Lütfiyə Durak Ata, Türk Musiqisi Dövlət Konservatoriyasının müdiri, professor Ali Tüfekçi Naxçıvan Dövlət Universitetində (NDU) olublar.

 

Qonaqlar ali təhsil ocağının Konservatoriyasında Fortepiano, Simli alətlər, Nəfəs alətləri, Solo oxuma ixtisasları üzrə təhsil alan tələbələrin təqdim etdikləri musiqi nömrələrini izləyiblər. İstanbul Texnik Universitetinin nümayəndə heyəti  Litva respublikasından alınan və ilk dəfə ali təhsil ocağında qurulan  elektron filarmoniya avadanlığının fəaliyyətini heyranlıqla qarşılayıb. Bildirilib ki, optik internet vasitəsilə idarə olunan avadanlıqla eyni zamanda 2 fərqli ölkədə konsert yayımlamaq mümkündür.

 

Nümayəndə heyəti həmçinin, müəllim və tələbələrin əl işlərindən ibarət sərgiyə baxıb, Kamera orkestri, Xalq çalğı alətləri ansamblının ifalarını dinləyib, tələbələrin dərs prosesini izləyiblər.

 

İkitərəfli görüşdə NDU-nun rektoru Elbrus İsayev ötən il İstanbul Texnik Universiteti ilə qarşılıqlı görüşlərdən sonra bu günkü görüşün xüsusi əhəmiyyətə malik olduğunu deyib, rəhbərlik etdiyi ali təhsil ocağının beynəlxalq əlaqələrində Türkiyə universitetlərinin xüsusi payı olduğunu diqqətə çatdırıb. O, Türkiyə universitetləri ilə texniki sahədə gələcək əməkdaşlıq məsələlərinin vacib məqamlarına toxunub, NDU-nun kadr potensialı, maddi-texniki imkanlar, beynəlxalq əlaqələri, tərəfdaş olduğu xarici ölkə universitetləri haqda məlumat verib.

 

Universitetdə, ümumilikdə 8000-ə qədər tələbənin təhsil aldığını diqqətə çatdıran rektor ali təhsil ocağında 9 ölkədən 1500-ə yaxın əcnəbi tələbənin də oxuduğunu qeyd edib. Bildirilib ki,  geniş profilli və müxtəlif ixtisaslar üzrə fəaliyyət göstərən universitetdə 43 kafedra istiqamətində 70 ixtisas üzrə kadr hazırlığı aparılır. Professor-müəllim heyəti isə 16 elmi-istiqamət olmaqla, 42 problemin həlli üzrə elmi-tədqiqat işləri yerinə yetirir.

 

Professor İsmayıl Koyuncu isə qeyd edib ki, 1773-cü ildə yaradılan və dünyanın mühəndis hazırlayan ilk universiteti kimi tarixə düşən İstanbul Texnik Universiteti müasir təhsil sistemi, güclü akademik heyəti ilə Türkiyənin nüfuzlu ali təhsil müəssisələri arasında ön sıralarda dayanıb.

 

Universitetin prorektoru, professor Lütfiyə Durak Ata Türkiyənin bir çox zavod, fabrik, xüsusilə də İT şirkətlərinin yaradılmasında və idarə edilməsində ali təhsil ocağının mühəndislərinin əməyinin danılmaz olduğunu dilə gətirib. Vurğulanıb ki, İstanbul Texnik Universiteti geniş beynəlxalq əlaqələri sayəsində yalnız ölkə daxilində deyil, beynəlxalq mühitdə də qabaqcıl ola biləcək tələbələr yetişdirən bir dövlət ali məktəbidir. Bildirilib ki, hazırda İstanbul Texniki Universitetində 13 fakültə, fakültələr daxilində 39 bölmə və 6 institut fəaliyyət göstərir. Ali təhsil müəssisəsində inşaat, gəmi inşaatı və dənizçilik elmləri, memarlıq, texniki elmlər, maşınqayırma, elektrik və elektronika, mədən, dənizçilik, kimya-metallurgiya, kompüter elmləri, idarəetmə, aviasiya, kosmik elmlər, sənaye texnologiyaları və idarə edilməsi fakültələri, informasiya texnologiyaları, Avrasiya geologiyası elmləri, enerji, texniki elmlər, sosial elmlər, zəlzələ mühəndisliyi və fövqəladə halların idarə edilməsi üzrə institutlar mövcuddur.

       

Görüşdə Texnopark sahəsində əməkdaşlıq, birgə layihələrin icrası istiqamətində işlər müzakirə edilib. Süni intellekt texnologiyaları üzrə müəllimlərin Naxçıvan Dövlət Universitetinə dəvət olunması, tələbələrin bu sahə üzrə təcrübi bazaya yiyələnməsi müzakirə edilən əsas məsələlərdən olub.

 

Sonra hər iki universitet arasında birgə əməkdaşlığa dair protokol imzalanıb. İmzalanmış protokola görə tərəflərin qarşıya qoyduqları öhdəliklər müzakirə edilib, universitetlərarası əməkdaşlıq sahələri haqqında fikir mübadiləsi aparılıb. Müqavilədə elmi rəqabətliliyin təmin ediməsi, tələbə, müəllim mübadiləsi, mədəniyyət, incəsənət və.s sahələrdə birgə fəaliyyət, tələbə təqaüdü proqramları, elmi əməkdaşlıqda magistr və doktorantura proqramları, elmi tədqiqat sahələrində birgə araşdırmalar, tədqiqatlar aparmaq əsas fəaliyyət istiqamətləri kimi müəyyənləşdirilib.

 



01.04.2022 | 14:08