Türkiyənin Ankara Universiteti ilə beynəlxalq əməkdaşlığa dair protokol imzalanıb

Naxçıvan Dövlət Universitetinin rektoru Elbrus İsayev  Türkiyənin Ankara Universitetinin rektoru, professor Necdet Ünüvar, universitetin prorektoru Hicabi Kırlangıçla görüşüb. Görüşdə hər iki ölkə arasında qardaşlıq münasibətlərinə toxunulub, təhsil sahəsində ötən ildən başlayaraq, əsası qoyulan əməkdaşlığın perspektivlərindən danışılıb.

 

E.İsayev rəhbərlik etdiyi ali təhsil ocağının dünyanın 130-dan çöx ölkəsi ilə beynəlxalq əməkdaşlığa malik olduğuna diqqət çəkərək bildirib ki, Türkiyənin 80-dən artıq ali təhsil müəssisəsi ilə geniş əlaqələr mövcuddur. Onların sırasında Ankara Universitetinin xüsusi yeri vardır. E.İsayev akademik və tələbə mübadiləsi proqramları ilə bu əlaqələrin daha da genişləndiriləcəyinə əminliyini bildirib.

 

Ankara Universitetinin rektoru, professor Necdet Ünüvar təmsil etdikləri ali təhsil ocağının beynəlxalq əməkdaşlıqlarında Azərbaycan universitetlərinin xüsusi payı olduğuna diqqətə çəkib. Qeyd edilib ki, Türkiyənin on ən yaxşı universiteti sırasında yer alan Ankara Universitetinin əsası 1946-cı ildə qoyulub. Rektor universitetdə mövcud ixtisaslar, beynəlxalq əlaqələr haqda məlumat verdikdən sonra bildirib ki, 36 kampusda fəaliyyət göstərən universitetdə 4800 əcnəbi tələbə təhsil alır ki, bunlardan 450-si Azərbaycan vətəndaşıdır. Magistratura və doktorantura proqramları sahəsində də əməkdaşlığın perspektivləri barədə danışan Necdet Ünüvar gələcəkdə ikili diplom layihələrinin həyata keçirilməsinin mümkün olacağını irəli sürüb.

 

Sonra rektorlar Naxçıvan Dövlət Universiteti ilə Ankara Universiteti arasında akademik sahədə əməkdaşlıq protokolunu imzalayıblar.

 

Qeyd edək ki, protokolda tərəflərin qarşılıqlı maraqlarına uyğun akademik və elmi mövzulardakı fəaliyyətlərində bir-birinin imkan və təcrübələrindən faydalanacağı, elmi məqsədlər daxilində professor-müəllim mübadiləsi, dərs, müşavirə, tədqiqat və oxşar fəaliyyətlərində, tədris və tədqiqat məqsədilə hər növdən kitab, elmi nəşrlər və oxşar materialların qarşılıqlı mübadiləsi, birgə tədqiqat layihələri və elmi yığıncaqların keçirilməsi öz əksini tapıb.

 

Mövlana proqramının yenilənməsi, tibb təhsili ilə bağlı bakalavr, rezidentura pillərində təcrübə, Ankara Universitetində qurulmuş Big Data mərkəzində praktiki təcrübə keçmək imkanı, bakalavr səviyyəsində Tarix, Biologiya, Elektrik və elektronika, Kompüter mühəndisliyi, Kimya ixtisasları, Magistratura pilləsi üzrə Klinik psixologiya ixtisası istiqamətində birgə təlim, tədris və tədqiqatın təşkil edilməsi, Konservatoriya ixtisasları üzrə NDU təcrübəsinin Ankara Universitetləri ilə paylaşılması məsələləri müzakirə edilib.

 



04.04.2022 | 14:12