Tələbələrin təcrübəsi 30 aparıcı şirkət və müəssisədə təşkil olunub

Azərbaycan Texnologiya Universitetinin (UTECA) buraxılış kursunda təhsil alan tələbələrin müxtəlif müəssisələrdə istehsalat təcrübəsi davam edir.

 

Universitetdən bildirilib ki, UTECA-nın rektoru, professor Akif Süleymanov tədrisdə praktik vərdişlərin mənimsənilməsinin vacibliyini nəzərə alaraq prosesə xüsusi nəzarət edir. Təcrübə Gəncə şəhərində fəaliyyət göstərən 30 aparıcı şirkət və müəssisədə təşkil olunub.
 

Universitetin tədris işləri üzrə prorektoru Yaşar Ömərov və təcrübənin təşkilinə cavabdeh olan məsul şəxslər tələbələrin istehsalat təcrübəsinin gedişatı ilə tanış olmaq məqsədilə “Gəncə Tekstil” ASC, “Kapital Bank” ASC və “Azəralüminium” MMC-də olub, sözügedən müəssisə rəhbərliyi ilə görüşlər keçirilib. Keçirilmiş görüşlərdə universitet və sənaye əməkdaşlığının əhəmiyyəti qeyd olunub, əmək bazarının ehtiyaclarına uyğun kadr hazırlığı və təcrübə prosesinin tələbələr üçün daha keyfiyyətli və səmərəli təşkili məsələləri müzakirə edilib. Yaxın günlərdə təcrübənin təşkil olunduğu digər iri müəssisələrdə də belə görüşlərin keçirilməsi nəzərdə tutulur.


Qeyd edək ki, 16 fevral tarixində başlayan istehsalat təcrübəsi tədris planlarına əsasən, 14 həftə müddətində davam edəcək.

 



05.04.2022 | 10:29