Müasir uşaq ədəbiyyatının görkəmli nümayəndəsi Zahid Xəlilin 80 illiyi qeyd olunub

Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) filologiya fakültəsinin təşkilatçılığı ilə müasir Azərbaycan uşaq ədəbiyyatının görkəmli nümayəndəsi, tanınmış yazıçı, şair və pedaqoq, Azərbaycan Yazıçılar Birliyinin (AYB) üzvü, filologiya elmləri doktoru, ADPU-nun Əbədiyyatın tədrisi metodikası kafedrasının professoru Zahid Xəlilin 80 illiyinə həsr olunmuş yubiley tədbiri keçirilib.

 

Tədbirdə Pedaqoji Universitetin rəhbərliyi, tanınmış ədəbiyyatşünas və filoloq alimlər, AYB-nin üzvləri, mətbuat nümayəndələri, universitetin professor-müəllim və tələbə heyəti iştirak edib.

 

ADPU-nun rektoru, professor Cəfər Cəfərov yubilyarı təbrik edərək vurğulayıb ki, Zahid Xəlil müasir ədəbiyyatımızın zirvələrindən biri olmaqla yanaşı, həm də 60 ilə yaxındır Pedaqoji Universitetdə fəaliyyət göstərir. O, zaman-zaman ADPU-da "Gənc müəllim" qəzetinin redaktoru, müəllim, alim, yazıçı, şair kimi milli ədəbiyyatımıza hərtərəfli xidmət edib və bu gün də bu xidmətini yüksək məhsuldarlıqla davam etdirir.

 

Çıxış edən dosent Bilal Həsənli Zahid Xəlil yaradıcılığı haqqında öz fikirlərini  bölüşüb.                                                                    

 

AYB-nin üzvü, filologiya elmləri doktoru, professor Rafiq Yusifoğlu isə ədibin yaradıcılığına həsr etdiyi məqalə ilə çıxış edib.

 

Türkiyənin Çanaqqala 18 Mart Universitetinin professoru Məmməd İsmayıl öz çıxışında canlı klassik olan Zahid Xəlilin həm bütün MDB məkanında, həm də Türkiyədə çox yaxından tanındığını vurğulayaraq, onun elm və sənətlə eyni zamanda məşğul olaraq mükəmməl nəticələr ortaya qoyduğunu bildirib.

 

Ədəbiyyatın tədrisi texnologiyası kafedrasının professoru Yaqub Babayev Zahid Xəlilin Azərbaycan ədəbiyyatında kiçik yaşlı uşaqlar üçün peyzaj lirikasının mükəmməl nümunələrini yaratdığını qeyd edib.

 

ADPU-nun beynəlxalq əlaqələr üzrə prorektoru, filologiya fakültəsinin dekanı vəzifəsini icra edən professor Mahirə Hüseynova da universitet və fakültə rəhbərliyi adından uşaq ədəbiyyatının böyük nümayəndəsi olan Zahid Xəlili təbrik edib və ADPU rəhbərliyi adından ona uzun müddətli ədəbi və elmi-pedaqoji fəaliyyətinə görə “Fəxri Fərman” təqdim edib.

 

Bədii hissədə fakültədə fəaliyyət göstərən “Meh ədəbi dərnəyi”nin üzvləri ədibin yaradıcılığından şeirlər, mahnılar ifa edib, ədəbi kompozisiyalar, səhnələr, videoçarxlar nümayiş etdiriblər.

 



06.04.2022 | 10:07