BMU-da üç fakültə üzrə qrup birinciləri mükafatlandırılıb

Bakı Mühəndislik Universitetində (BMU) payız semestrinin imtahan sessiyasında yüksək nəticələr əldə edərək qrup birincisi olmuş mühəndislik, memarlıq və inşaat, həmçinin iqtisadiyyat və idarəetmə fakültəsi tələbələrinin mükafatlandırılması mərasimi keçirilib.

 

BMU-nun rektoru, professor Havar Məmmədov ölkə Prezidenti İlham Əliyevin elm və təhsilə göstərdiyi diqqət və qayğıdan, bu istiqamətdə həyata keçirilən islahatlardan söz açıb.  Bildirib ki, pandemiya dövründə sosial baxımdan həssas əhali qrupuna aid edilən ailələrin üzvü olan tələbələrin xeyli hissəsi təhsil haqqı xərcləri ilə bağlı güzəştlərdən yararlanıb. H.Məmmədov bu tədbirlərin davamı kimi yeni yaradılan Təhsil Tələbə Krediti Fondu tərəfindən verilən təhsil tələbə kreditlərindən, eyni zamanda,  xaricdə təhsil və digər istiqamətlər üzrə tətbiq olunan Dövlət Proqramlarından danışıb.

 

Universitetin gənc olmasına baxmayaraq, tələbələrin sayının ildən-ilə artdığını vurğulayan rektor ali təhsil ocağında mövcud olan tələbə təşkilatları, o cümlədən Tələbə Gənclər Təşkilatı, Tələbə Həmkarlar İttifaqı Komitəsi, YAP Gənclər Birliyinin aktiv fəaliyyətini önə çəkib. H.Məmmədov müəllim-tələbə münasibətlərinə də toxunub və universitetdə sağlam mühitin mövcud olduğunu fikirlərinə əlavə edib.  

 

BMU tələbələrinin ölkə üzrə keçirilən müxtəlif bilik yarışmalarında əldə etdiyi yüksək nailiyyətləri nəzərə çatdıran rektor, həmçinin tələbələrin payız semestrinin imtahan sessiyasındakı nəticələrindən danışıb, müvafiq statistik rəqəmləri qeyd edib.

 

Çıxışının sonunda bundan öncə universitetin pedaqoji fakültə üzrə qrup birincisi olmuş tələbələrinin təltif edildiyini xatırladan H.Məmmədov bütün qrup birincilərini təbrik edib.

 

Tədbirin sonunda payız semestrinin imtahan sessiyasında qeyd edilən fakültələr üzrə yüksək nəticələr qazanan qrup birincilərinə “Fəxri Fərman”lar və müxtəlif hədiyyələr təqdim olunub.

 



06.04.2022 | 16:52