Rektor:”Arzu edərdik ki, Çili universitetlərinin biri ilə ciddi əməkdaşlığımız başlasın”

Azərbaycan Dillər Universitetinin (ADU) rektoru, akademik Kamal Abdulla Çili Respublikasının ölkəmizdəki müvəqqəti işlər vəkili Fidel Coloma Grimberglə görüşüb.

 

“Biz sizinlə əməkdaşlığa, Çili mədəniyyəti, ədəbiyyatı ilə daha dərindən tanış olmağa hazırıq. Arzu edərdik ki, Çili universitetlərinin biri ilə ciddi əməkdaşlığımız başlasın. İnanıram ki, bizim sıx əlaqələrimiz yaransa, Çilidə ictimaiyyətin Azərbaycan haqqında təsəvvürləri daha da dolğunlaşacaq, eyni zamanda Azərbaycanda Çili haqqında fikirlər genişlənəcək. Bu isə bizim ispandilli ölkələrlə əlaqələrimizin bütöv və dolğun olmasına gətirib çıxaracaq. Çili olmadan bu bütövlüyü təmin etmək mümkün olmayacaq. Qarşılıqlı əlaqələrin qurulması hər iki ölkənin mədəniyyətinin öyrənilməsində, araşdırılmasında müstəsna rol oynayacaq”-deyə rektor görüşdə bildirib.

 

K.Abdulla daha sonra ADU-da fəaliyyət göstərən dil və mədəniyyət mərkəzləri haqqında məlumat verib, qonağı universitetin “Səfir saatı” layihəsində tələbələrlə görüşə dəvət edib. 

 

Çili Respublikasının ölkəmizdəki müvəqqəti işlər vəkili Fidel Coloma Grimberg ADU-nun  Çilidə xarici dillərin tədrisini həyata keçirən universitetlərdən biri ilə sıx əməkdaşlığının qurulmasının zəruriliyinə diqqət çəkib. Diplomat qeyd edib ki, bunun üçün təşəbbüslə çıxış edəcək, danışıqlar aparacaq: “İnanıram ki, əlaqələrimizin qurulması və inkişaf etdirilməsi tədricən öz müsbət nəticəsini verəcək. Müəllim-tələbə mübadiləsinin aparılması, elmi konfransların təşkili və dil öyrənmə bacarıqlarının əldə olunması əməkdaşlığımız üçün yeni perspektivlər yaradacaq.”

 

Görüş qarşılıqlı əlaqələr və əməkdaşlıq imkanlarının müzakirəsi ilə davam edib.

 

 



07.04.2022 | 17:00