“Təhsilin təşkili və idarə olunmasının aktual məsələləri” mövzusunda elmi konfrans

Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) “Təhsilin təşkili və idarə olunmasının aktual məsələləri” mövzusunda Magistrantların Respublika elmi konfransının açılış mərasimi keçirilib.

 

7-8 aprel tarixlərində davam edəcək konfransda Pedaqoji Universitetlə yanaşı, Bakı Slavyan Universiteti, Sumqayıt Dövlət Universiteti, Lənkəran Dövlət Universiteti və Mingəçevir Dövlət Universitetindən 300 nəfərə yaxın magistrant iştirak edir.

 

Açılış nitqi ilə çıxış edən ADPU-nun rektoru, konfransın Təşkilat Komitəsinin sədri, professor Cəfər Cəfərov vurğulayıb ki, bu gün həm dünyada, həm də Azərbaycanda cəmiyyət həyatının bütün sahələrində, o cümlədən də təhsildə sürətli dəyişikliklər baş verir. Ona görə də, təhsilin təşkili və idarəedilməsinə də münasibət dəyişilməlidir, yeni yanaşmalar tətbiq olunmalıdır və bu istiqamətdə davamlı proses gedir.

 

Natiq qeyd edib ki, təhsilin keyfiyyəti anlayışının sürətlə dəyişdiyi dövrümüzdə yeni təfəkkür tərzinə malik şagirdlərin yetişdirilməsində ali təhsil müəssisələrinin gənc tətqiqatçıları və gənc müəllimlərimizin üzərinə böyük məsuliyyət düşür. Bu baxımdan bugünkü konfrans təhsil ixtisasları üzrə təhsil alan magistrlar üçün yüksək praktik önəm daşıyır. Belə konfranslarda dövrün ən son problemləri müzakirəyə çıxarılmalı, magistr dissertasiya mövzularında ən aktual məsələlər elmi araşdırmaya cəlb olunmalıdır.

 

Plenar iclasda çıxış edən ADPU-nun elm və innovasiyalar üzrə prorektoru, Təşkilat Komitəsinin sədr müavini, professor Asəf Zamanov qeyd edib ki, son illər universitetdə magistratura və doktorantura səviyyəsində dövrün tələblərinə uyğun yeni nəsil mütəxəssislər hazırlanması işini təkmilləşdirmək məqsədi ilə ardıcıl tədbirlər icra olunur.

 

Çıxış edənlərdən professor Fərrux Rüstəmov, professor Müseyib İlyasov, Magistratura və doktorantura şöbəsinin müdiri Rəşad Sadıqov da magistrantlara uğur arzulayaraq onları bölmə iclaslarında aktiv olmağa çağırıblar.

 

Konfrans İnnovasiyalar və təhsilin keyfiyyəti, Təhsilin təşkili və idarə edilməsi, Təhsildə sosial-psixoloji xidmət, Tədrisin müasir problemləri bölmələri üzrə  müzakirələrlə davam edib.

 

Qeyd edək ki, iki günlük konfransın yekununda bölmə rəhbərlərinin hesabatları dinləniləcək və tezisləri məqbul sayılan magistrantların əsərləri konfrans materialları kimi nəşr olunacaq.

 

 



07.04.2022 | 17:17