Professor Şirməmməd Hüseynova həsr olunan xüsusi buraxılışın təqdimatı keçirilib

Bakı Dövlət Universitetində (BDU) Türkiyədə nəşr olunan “Temrin” dərgisinin görkəmli Azərbaycan alimi, maarifçisi və pedaqoqu, professor Şirməmməd  Hüseynova həsr etdiyi xüsusi buraxılışının təqdimatı keçirilib.

 

BDU-nun rektoru Elçin Babayev  “Temrin” dərgisinin növbəti nömrəsinin  Şirməmməd Hüseynova həsr olunmasını əlamətdar hadisə kimi qiymətləndirib: “Şirməmməd Hüseynov əsl vətəndaş idi. O, bütün ömrünü Vətənə, xalqa, dövlətə ləyaqətlə xidmətə həsr edib, çağdaş jurnalistikamızın formalaşmasında müstəsna xidmətlər göstərib. Şirməmməd müəllim deyəndə həm də ömrünün 60 ilini Bakı Dövlət Universitetinə bağlamış və minlərlə jurnalistin müəllimi olmuş əsl ziyalı, dürüst, ləyaqətli insan yada düşür. Bütün bu keyfiyyətlər Şirməmməd müəllimin hamı tərəfindən sevilməsini şərtləndirirdi”.

 

Rektor vurğulayıb ki, Ş.Hüseynovun Xalq Cümhuriyyəti qurucularının fəaliyyətinə dair araşdırmalarının Azərbaycan tarixinin öyrənilməsində xüsusi əhəmiyyəti var. Elmi fəaliyyətini Azərbaycan mətbuat tarixinin öyrənilməsinə həsr edən Ş. Hüseynov mətbuatşünaslığa dair 30-dan çox kitab və monoqrafiyanın, 800-dən artıq elmi və elmi-publisistik məqalənin müəllifidir. O, bir sıra dövlət mükafatlarına layiq görülüb, Prezident İlham Əliyevin sərəncamı ilə “Şərəf” ordeni ilə təltif olunub.

 

Ş.Hüseynovun həyat yoldaşı Ülkər Hüseynova, Milli Məclisin deputatları- Cavanşir Feyziyev, Sabir Rüstəmxanlı, Azərbaycan Yazıçılar Birliyinin  sədr müavini, “525-ci qəzet”in baş redaktoru Rəşad Məcid, AYB-nin katibi Səlim Babullaoğlu, BDU-nun jurnalistika fakültəsinin Milli mətbuat tarixi kafedrasının müdiri Cahangir Məmmədli, şair, tərcüməçi Sayman Aruz, BDU-nun professoru Qulu Məhərrəmli, jurnalistika fakültəsinin dekanı Vüqar Əliyev, dekan müavini Samir Xalidoğlu çıxışlarında Şirməmməd Hüseynovla bağlı xatirələrini bölüşüb, onun gənc jurnalistlərin milli təəssübkeşlik, obyektivlik və prinsipiallıq ruhunda tərbiyə olunmasında əvəzsiz rolunu qeyd ediblər.

 

 



07.04.2022 | 17:39