MİNA təhlükəsi

Azərbaycanın dilbər guşələrindən olan doğma Qarabağımız 44 günlük Vətən müharibəsində Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında rəşadətli Ordumuzun qazandığı parlaq Qələbə nəticəsində otuz ilə yaxın davam edən işğaldan azad olundu. İşğalçı Ermənistan otuz il ərzində əzəli torpaqlarımızı viran qoymaqla yanaşı, həmin əraziləri mina və digər hərbi sursatla çirkləndirib. İşğaldan azad olunan ərazilərdə hazırda minatəmizləmə əməliyyatlarının fasiləsiz davam etdirildiyini və dəfələrlə olunan xəbərdarlıqlara baxmayaraq, vətəndaşlarımız hələ də bu ərazilərə qanunsuz səfərlər etməyə cəhd göstərirlər. Bu baxımdan təhsil müəssisələrində maarifləndirmə tədbirlərinin keçirilməsi çox əhəmiyyətlidir. Belə tədbirlərin əsas məqsədi məktəblilərin, eləcə də valideynlərin mina və partlamamış hərbi sursatlara dair biliklərinin artırılmasının təmin edilməsindən ibarətdir.

 

***

 

Şirvan şəhəri 21 nömrəli tam orta məktəbdə “Mina təhlükəsinə dair maarifləndirmə” mövzusunda nümunəvi dərs keçirilib. Dərsdə Təhsil Nazirliyinin Daxili nəzarət şöbəsinin baş məsləhətçisi Rövşən Ağayev və  şəhər təhsil şöbəsinin müdiri Rövşən Allahverdiyev iştirak ediblər.

 

Nümunəvi dərs məktəbin hərbi rəhbəri, Vətən müharibəsi iştirakçısı, “Füzulinin azad olunmasına görə” və “Xocavəndin azad olunmasına görə” medalları ilə təltif edilmiş Mehman Cəfərov və Fövqəladə Hallar Nazirliyi xüsusi riskli xilasetmə xidmətinin pirotexnik və istehkam hazırlığı şöbəsinin rəisi kapitan Süleyman Heydərov tərəfindən tədris olunub. Tədris prosesində şagirdlər təhlükəsiz ərazilər haqqında geniş biliyə malik olduqlarını nümayiş etdiriblər.

 

Daha sonra Şirvan şəhəri ümumtəhsil məktəblərinin direktorları və hərbi rəhbərləri ilə görüş olub. Məqsəd məktəblərdə mina və partlamamış hərbi sursat barədə dərsləri tədris edən müəllimlərin partlamamış hərbi sursata dair biliklərinin genişləndirilməsidir. Görüşdə Fövqəladə Hallar Nazirliyinin əməkdaşı təhlükəsiz ərazilər, minalar barədə ətraflı məlumat verib. Şəhər Təhsil Şöbəsinin müdiri Rövşən  Allahverdiyev  çıxış edərək bildirib ki, 2021-2022-ci tədris ilindən başlayaraq şəhərin bütün məktəblərində ümumi orta təhsil səviyyəsində tədris olunan “Həyat bilgisi” fənninin daxilində, habelə  X-XI siniflərdə tədris olunan “Çağırışaqədərki hazırlıq” fənninin tədrisində “Mina təhlükəsinə dair maarifləndirmə” kursu üzrə mövzular tədris edilir. Eyni zamanda həftəlik sinif saatlarında şagirdlərə, valideyn iclaslarında isə valideynlərə mövzu ilə bağlı maarifləndirici izahatlar verilir. Tədbirdə Təhsil Nazirliyinin nümayəndəsi bu sahədə şəhərdə görülən işləri təhlil edərək müvafiq tapşırıqlar verib.

 

***

 

Şirvan Dövlət İqtisadiyyat və Humanitar Kollecində “Mina nədir?” mövzusunda təlim tədbiri keçirilib. Maarifləndirici tədbiri giriş sözü ilə açan kollecin direktoru Barxudar Barxudarov bu istiqamətdə görülən işlər barədə məlumat verib.

 

Kollecin hərbi rəhbəri Hilal İsmayılov bildirib ki, keçirilən tədbirlərdə müəllim-tələbə heyətinə mina və partlamamış hərbi sursatların yaratdığı təhlükə barədə ətraflı məlumat təqdim olunur, videoçarxlar nümayiş etdirilir.

 

Fövqəladə Hallar Nazirliyi xüsusi riskli xilasetmə xidmətinin pirotexnik və istehkam hazırlığı şöbəsinin rəisi kapitan Süleyman Heydərov minaların forması, rəngi, ölçüsü və nədən hazırlanması, onların insan həyatına təsiri, partlamamış hərbi sursatların ola biləcəyi yerlər, rəsmi və qeyri-rəsmi mina işarələri, minalanmış əraziyə daxil olanda təhlükəsiz hərəkət etmək qaydaları, minaların gücü barədə tədbir iştirakçılarına slaydlardan istifadə etməklə ətraflı məlumat verib.

 

Qızıl Aypara Cəmiyyətinin Şirvan şəhər təşkilatının sədri Ülviyyə Balayeva bildirib ki, Qarabağ müharibəsinin iştirakçısı kimi hərbi sursatların insan həyatı üçün nə qədər təhlükəli olduğunu bilir. O, belə maarifləndirici tədbirlərin mütəmadi keçirilməsinin çox vacib olduğunu bildirərək, eyni zamanda diqqətə çatdırıb ki, QAC-nin şəhər təşkilatı da “Mina təhlükəsinə dair maarifləndirmə” tədbirlərində fəal iştirak edir.

 

Qarabağ müharibəsinin qaziləri Elmar Şükürov, Elçin Cəfərov, Elnur Rəhimov tədbir iştirakçılarına öz döyüş yolları haqqında danışaraq minalardan qorunmaq üçün diqqətli və ehtiyatlı olmağı tövsiyə ediblər.     

 

Təlimdə çıxış edən Azərbaycan Respublikası Təhsil Nazirliyinin məsul işçisi  Rövşən Ağayev bildirib ki, maarifləndirici tədbirlər təhsil ocaqlarında mütəmadi aparılmalı və tədris ilinin sonunda görülmüş işlərə yekun vurulmalıdır. Hər tədris ilinin əvvəlində isə təhsilalanların mina və partlamamış hərbi sursatların yaratdığı təhlükə barədə maarifləndirilməsi məqsədi ilə yeni tədbirlər planı hazırlanmalı və həyata keçirilməlidir. Diqqətə çatdırılıb ki, Təhsil Nazirliyinin hazırladığı “Metodik tövsiyələr” kitabça formasında çap edilib və yaxın günlərdə bütün təhsil müəssisələrinə göndəriləcək.

 

***

 

Sumqayıt şəhər N.Tusi adına 12 nömrəli tam orta məktəbin 6c sinfində “Mina təhlükəsizliyi” mövzusunda “Həyat bilgisi” fənnini tədris edən coğrafiya müəllimi Fərqanə Eyvazova tərəfindən “açıq dərs” təşkil olunub. Dərs zamanı slayd və videoçarxlardan istifadə edilərərək ANAMA və onun fəaliyyəti haqqında, minaların növləri, yarada biləcəyi təhlükələr, minalanmış ərazilərin necə müəyyən olunması, belə ərazilərdə təsadüfi ehtiyatsızlıqdan baş verən hadisələr zamanı hansı addımlar atılmasının vacibliyi haqqında məlumat verilib.  Şagirdlərə hər hansı hərbi sursat gördükdə ona əl vurmamaları, şübhəli əşyalara toxunmamaları, bu zaman valideynlərə, məktəbin müəllimlərinə, yaxud özündən yaşca böyük şəxslərə məlumat vermələri və dərhal 102 və ya 112 Qaynar xəttinə zəng etmələri izah olunub.

 

Daha sonra müəllim-şagird heyətinin partlayış təhlükəsinə qarşı maarifləndirilməsi məqsədi ilə GÇH rəhbəri İmran Hüseynov mövzu haqqında şagirdləri maarifləndirərək onların suallarını cavablandırıb. Şagirdlərə mina təhlükəsi olan ərazilərdə necə hərəkət etmələri haqqında oyun nümayiş edilib. Dərsdə ANAMA tərəfindən göndərilən dərs vəsaitlərindən, mina təhlükəsizliyindən bəhs edən bukletlərdən, maarifləndirici vasitələrdən, plakatlardan istifadə olunub.

 

Məktəbin məzunu Şamo İsmayılbəyli şagirdlərə öz döyüş xatirələrindən danışaraq bu təhlükəyə hər yerdə rast gəlinə biləcəyi və belə təhlükə aşkar olunarkən hansı addımların atılması barədə məlumat verib.

 

Tədbirdə Təhsil Nazirliyinin məsul əməkdaşı Əhliyət Adıgözəlov, Şəhər Təhsil Şöbəsinin müdiri Arzu Alızadə, Fövqəladə Hallar Nazirliyinin əməkdaşı Süleyman Heydərov və məktəbin direktoru Reyhan Baxşıyeva  çıxış ediblər.

 

***

 

Sumqayıt şəhər 18 nömrəli tam orta məktəbdə mina təhlükəsizliyi ilə bağlı şagirdlər üçün maarifləndirmə tədbiri keçirilib. Tədbirdə Təhsil Nazirliyinin və Fövqəladə Hallar Nazirliyinin məsul əməkdaşları iştirak ediblər.

 

Maarifləndirmə tədbirində məktəbin direktoru Leyla Abdullayeva və 10b sinfinin 24, 11a sinfinin 16 şagirdi iştirak edib. Şagirdlərə mina və partlamamış hərbi sursatların forması, rəngi, ölçüsü, nədən hazırlanması barədə danışılıb, iştirakçılarda onları tanımaq bacarıqları formalaşdırılıb. Mina və partlamamış hərbi sursatların ola biləcəyi yerlər, rəsmi və qeyri-rəsmi mina işarələri, onlara minalanmış əraziyə daxil olarkən təhlükəsiz hərəkət etmə qaydaları barədə məlumat verilib.

 

***

İmişli rayonu Murğuzallı kənd tam orta məktəbinin 10-cu sinfində Gənclərin Çağırışaqədərki Hərbi Hazırlıq fənni üzrə təlim dərsi keçirilib. Məktəbin hərbi rəhbəri Nazir Əhmədov tədbir iştirakçılarına minaların maketləri üzərində mina təhlükəsizliyinə dair praktiki məlumat verib, mina qurbanlarının statistikası, mina hadisələrinin fəsadları haqqında danışıb. Dərsdə ANAMA-nın fəaliyyətinə dair sosial çarx və təhlükəli ərazilərin əlamətlərini, mina xəbərdarlıqedici işarələrin tanınmasını əks etdirən video-çarxlar nümayiş edilib.

 

Tədbirdə Təhsil Nazirliyinin daxili nəzarət şöbəsinin əməkdaşı Rövşən Ağayev, İmişli RTŞ-nin müdiri Ələmdar Quliyev, RTŞ-nin metodisti Mehman Süleymanov, məktəbin direktoru Qüdrət Əliyev və Vətən müharibəsi qaziləri iştirak ediblər. Məktəbin rəhbərliyinə ANAMA tərəfindən hazırlanmış təlimat kitabçası və partlayıcı sursatların təhlükəsinə dair təbliğat materialları olan maarifləndirici və xəbərdarlıqedici bukletlər, plakatlar təqdim olunub.

 

***

 

Füzuli rayonu 33 nömrəli tam orta məktəbin VI sinfində məktəbin direktoru Ülkər Hüseynovanın təşkilatçılığı ilə “Mina təhlükəsi” adlı “açıq dərs” keçirilib. Dərsdə mina təhlükəsi, minaların növləri, partlamamış hərbi sursatlar, tələ minalar barədə sual - cavab yolu ilə motivasiya yaradılıb. Dərketmə və düşünmə mərhələsində şagirdlər müzakirələrə qoşularaq müqayisələr və dəqiqləşdirmələr aparmaqla nəticələr çıxardıblar.

 

ANAMA-nın əməliyyat meneceri Habil Babayev çıxış edərək işğaldan azad edilmiş ərazilərdə mina təhlükəsi, partlamamış hərbi sursatlar barədə ətraflı məlumat verib.

 

Şagirdlərə mina təhlükəsinə aid slaydlar nümayiş olunub, həmçinin  onlara ANAMA tərəfindən nəşr edilmiş, dərsliklər, dəftərlər, plakatlar paylanılıb.

 

Vətən müharibəsi iştirakçılarından Əsədullah Hüseynov, Nadir Əliyev, Ramin Nəcəfov, Xətayi Mehtiyev, Mehti Qayıbov, Vüqar Muxtarov və Ərəstun Quliyev çıxış edərək şagirdlərə şahidi olduqları hadisələr barədə əyani misallar çəkilib, minalardan qorunmaq üçün diqqətli və ehtiyatlı olmağı tövsiyə ediblər.     

 

Dərsdə Təhsil Nazirliyinin Daxili nəzarət şöbəsinin baş məsləhətçisi Rövşən Ağayev, Füzuli RTŞ-nin müdiri Ramella Məmmədova iştirak ediblər.

 

“Açıq dərs”dən sonra məktəbin rəhbərliyi və müəllimləri ilə görüşdə pedaqoji kollektivin üzvlərinə təhlükəsiz ərazilər, minalar barədə ətraflı məlumat verilib, metodiki tövsiyələr əsasında işin təşkili ilə bağlı fikir mübadiləsi aparılıb.

 

***

 

Vətən Müharibəsi Qəhrəmanı Fəqan Zalov adına Füzuli rayonu Horadiz şəhər 3 nömrəli tam orta məktəbdə “Mina təhlükəsi üzrə maarifləndirmə” ilə bağlı X və XI siniflərdə tədbir təşkil olunub. 

 

Tədbir  Azərbaycan Respublikasının Dövlət Himninin ifa olunması ilə başlanıb, Vətən müharibəsi şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Məktəbin Çağırışaqədərki  hazırlıq rəhbəri Rövşən Ələsgərov şagirdlərə rayon cəbhə bölgəsi olduğu üçün bu ərazilərin daha çox mina və digər hərbi sursatlarla çirkləndirilməsi səbəbindən həyat üçün təhlükə yaratdığı barədə məktəblilərin ətraflı məlumatlandırılmasının vacibliyini bildirib.

 

ANAMA-nın nümayəndəsi Habil Babayev minaya düşən dinc insanların statistik məlumatını diqqətə çatdırıb, partlamamış hərbi sursat barəsində danışıb və sualları  cavablandırıb. Şagirdlərə mina təhlükəsinə aid slayd nümayiş olunub, onlara müvafiq dərsliklər, dəftərlər, plakatlar paylanılıb.

 

Mina təhlükəsinə məruz qalan, bir ayağını itirmiş ANAMA-nın  işçisi Asəf Xudiyev düşdüyü faciəli hadisədən danışaraq müzakirə olunan məsələ ilə bağlı öz tövsiyələrini bildirib.

 

Tədbirdə məktəbin direktoru Vüsalə Qəhrəmanova və Füzuli Rayon Təhsil Şöbəsinin müdiri Ramella Məmmədova çıxış edərək carı tədris ilində rayonun ümumi tədris müəssisələrində müəllim-şagird heyətinin partlayış təhlükəsinə qarşı maarifləndirilməsi ilə bağlı görülən işlər və nəzərdə tutulan tədbirlər barədə  məlumat veriblər.

 

***

 

Hacıqabul şəhər 8 nömrəli humanitar fənlər təmayüllü məktəb-liseydə maarifləndirmə tədbiri keçirilib. Əvvəlcə məktəb-liseyin hərbi rəhbəri Ramil İbişov tərəfindən hazırlanmış X-XI siniflərdə “Çağırışaqədərki hazırlıq” fənninin tədrisində müvafiq mövzular üzrə “Metodiki tövsiyələr”dən istifadə etməklə nümunəvi dərs dinlənilib. 

 

Daha sonra Fövqəladə Hallar Nazirliyinin Xüsusi Riskli Xilasetmə Xidmətinin Pirotexniki və İstehkam Hazırlığı Şöbəsinin rəisi, kapitan Süleyman Heydərov mina və partlayış təhlükəsinə qarşı müdafiə istiqamətində tədbirlər barədə danışıb.

 

Təhsil Nazirliyinin nümayəndəsi tərəfindən məktəb-liseyin direktoru Xuraman Talıbovaya mövzu üzrə plakatlar təqdim olunub, rayonda fəaliyyət göstərən təhsil müəssisələrində də bu kimi maarifləndirici təlimlərin həyata keçirilməsi istiqamətində tövsiyə və tapşırıqlar verilib.

 

Nümunəvi dərsdə Qarabağ müharibəsinin qaziləri Zaur Muradov, Əlişad Əhədov və Kənan Qocayev, həmçinin Hacıqabul Rayon İcra Hakimiyyətinin məsul işçiləri, 1,  2, 3, 4, 5, 6 və 9 nömrəli məktəblərin hərbi rəhbərləri iştirak ediblər.

 

***

 

Biləsuvar şəhər Nizami Gəncəvi adına şəhər 1 nömrəli tam orta məktəbdə “Mina təhlükəsizliyinə dair” tədbir keçirilib. Tədbirdə Biləsuvar Rayon İcra Hakimiyyəti  başçısı Faiq Qürbətov, Azərbaycan Respublikası Təhsil Nazirliyinin əməkdaşı Rövşən Ağayev, Rayon Təhsil Şöbəsinin müdiri Aqşin Bağırov, rayonun Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri Zamiq Mənsimli, Fövqəladə Hallar Nazirliyinin əməkdaşı Ələkbər Ələkbərov, Vətən müharibəsi iştirakçıları, ümumtəhsil məktəblərinin hərbi rəhbərləri və X-XI sinif şagirdləri iştirak ediblər.

 

Azərbaycan Respublikasının Dövlət himninin səsləndirilməsi ilə başlanan tədbirdə ölkəmizin ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş  şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Çıxış edənlər ulu öndər Heydər Əliyev siyasi kursu, həmin kursun layiqli davamçısı Prezident İlham Əliyevin qətiyyəti, siyasi iradəsi, milli Ordumuzun əsgər və zabitlərinin sarsılmaz gücü sayəsində qazanılmış qələbəni, zəfəri qürurla yaşadığımızı vurğulayaraq, qalib olduğumuz Vətən müharibəsində bütün Azərbaycan xalqının bir dəmir yumruq kimi birləşməsindən, dəmir yumruğun xalqımız, ulu millətimiz və bütöv, müstəqil Azərbaycanımız üçün daha güclü, daha yenilməz birlik, bütövlük, əzəmət və qələbə rəmzinə çevrildiyini vurğulayıblar.

 

Fövqəladə Hallar Nazirliyinin əməkdaşı tərəfindən “Minalanmış ərazilər harada aşkarlana bilər, təhlükəli ərazilər harada ola bilər, həmçinin tanınmayan yerlərdə xüsusi davranış qaydaları, minaların törətdiyi fəsadlar, partlamamış hərbi sursatlar və onlara dair təhlükəsizlik tədbirləri,  müxtəlif təhlükəli vəziyyətlərdə davranış qaydaları barədə məlumat verilərək, mövzuya aid videoçarxlar nümayiş etdirilib. Daha sonra məktəbin hərbi rəhbəri dərs zamanı mina, əl qumbarası maketlərini nümayiş etdirərək, onlardan istifadə qaydaları, dağıdıcı gücü barədə şagirdləri məlumatlandırıb. Tədbirdə Vətən müharibəsi iştirakçıları da çıxış edərək döyüş zamanı göstərdikləri qəhrəmanlıq salnamələri, rastlaşdıqları təhlükəli anlardan bəhs edərək, bu vəziyyətdən necə xilas olma təəssüratlarını tədbir iştirakçıları ilə  bölüşüblər.

 

***

 

Partlayıcı sursatların təhlükəsinə dair təbliğat materialları təqdim edilməklə  şəhid Azər Kərimov adına  Ağdam rayon Bənövşələr kənd və şəhid Ayaz Abbasov adına Qaradağlı kənd tam orta məktəblərində Təhsil Nazirliyinin əməkdaşı Məhəmməd Aslanovun, ANAMA-nın nümayəndəsi Zamiq Aslanovun, Rayon Təhsil Şöbəsinin müdiri Tahir Abbasovun, Vətən müharibəsi qazilərinin iştirakı ilə maarifləndirmə tədbirləri keçirilib.

 

Bənövşələr kənd tam orta məktəbin 11-ci sinfində hərbi rəhbər Fədai Rüstəmov tərəfindən şagirdlərə partlamamış hərbi sursatların tanınması, təhlükəli ərazilərin əlamətləri, sosial-psixoloji təsirlər, məktəb hazırlığında partlayıcı sursatların təhlükəsi ilə bağlı məlumat verilib.

 

Qaradağlı kənd tam orta məktəbin 6-cı sinfində müəllim Rəqsanə Məmmədova  “Həyat bilgisi” fənnindən “Mina təhlükəsizliyi” mövzusunda “açıq dərs” təşkil edib.

 

Keçirilən tədbirdə təhlükəli ərazilərin əlamətləri, təhlükəsizlik nişanlarını əks etdirən təqdimat və müxtəlif növ partlayıcı sursat nümunələri nümayiş olunub.

 

***

 

Bərdə rayonunun N.Maliyev adına Qaradırnaq kənd tam orta məktəbində və akademik Zərifə Əliyeva adına texniki təmayüllü məktəb-liseydə də “Mina təhlükəsi üzrə marifləndirmə” tədbirləri təşkil olunub. 

 

Qaradırnaq kənd tam orta məktəbində 11-ci sinif şagirdləri üçün təşkil edilmiş “açıq dərs”də məktəbin hərbi rəhbəri Rafiq Qaraşov tərəfindən şagirdlərlə maarifləndirici söhbətlər aparılıb, mina və partlayıcı sursatlarla qarşılaşdıqları halda hansı addımların atılacağı barədə məlumat verilib.

 

Akademik Zərifə Əliyeva adına texniki təmayüllü məktəb-liseyin 4c sinfinin şagirdləri ilə məktəbin müəllimi Xuraman Əliyeva tərəfindən “Xarıbülbül qoxulu Zəfər yolu” mövzusunda “açıq dərs” təşkil edilib.

 

Dərslərdə Təhsil Nazirliyinin və ANAMA-nın nümayəndələri, Rayon Təhsil Şöbəsinin məsul işçiləri, II Qarabağ müharibəsi qaziləri  iştirak ediblər.

 

***

 

Azərbaycan Respublikası Təhsil Nazirliyinin 2021-ci il 20 avqust tarixli əmrinin icrası ilə bağlı cari ilin mart ayında Bakı şəhərində fəaliyyət göstərən Zəngilan rayonu 20 və 21 nömrəli tam orta məktəblərdə, Bakı Neft-Energetika Kollecində də tədbirlər keçirilib.

 

 



09.04.2022 | 10:55