“Təhsil müəssisələrinin akkreditasiya qaydaları”na həsr edilən təlimlər

Naxçıvan Müəllimlər İnstitutunda Təhsildə Keyfiyyət Təminatı Agentliyi (TKTA) ilə  bağlanmış əməkdaşlıq müqaviləsi əsasında təlimlərə start verilib.

 

İnstitutun rektoru Azad Novruzov təlimin açılış tədbirində bildirib ki, dörd gün davam edəcək təlimi TKTA-nın eksperti, Təlim və metodologiya şöbəsinin müdiri Asiman İlyasov keçəcək. Rektor təlimçi haqqında geniş məlumat verərək bu əməkdaşlığın institut üçün olduqca əhəmiyyətli olduğunu vurğulayıb.

 

Təlimçi Asiman İlyasov təlimin əhəmiyyətindən danışaraq qeyd edib ki,  məqsəd Azərbaycan ali təhsilində effektiv keyfiyyət təminatı sisteminin fəaliyyətini təşkil etməkdən, keyfiyyət nəticələri və əhatəliliyinə görə dünya ölkələri sırasında qabaqcıl mövqe tutan təhsil sisteminin formalaşdırılmasından, müasir dövrün tələblərinə uyğun bilik, bacarıq, səriştə və təcrübəyə malik rəqabətqabiliyyətli mütəxəssislərin əmək bazarına çıxışına dəstək göstərilməsindən ibarətdir.

 

Qeyd edək ki, təlim  “Təhsil müəssisələrinin akkreditasiya qaydaları”na həsr olunub. Təlimdə institutun dekanları, dekan müavinləri, kafedra müdirləri, digər struktur bölmələrinin əməkdaşları iştirak ediblər.

 



12.04.2022 | 11:15