Düşünən oxucu

Hər birinin əlində kitab var. Balaca əlləriylə uzatdıqları pulla, sadəcə bir kitab aldıqlarını düşünürlər. Ancaq bilmirlər ki, rəngli dünyalarına yeni bir rəng, başqa bir həyat da qatır, kiçik əllərində ayrı bir dünya tuturlar. Amma bunun fərqində olanlar da var. Onlardan biri Fidandı. Evdə təhsil alan ölkə məktəblisi özünü kəşf etməyinə töhfə verən kitablarla dostluq qurmağı hər kəsə tövsiyə edir:“Kitablar bizi düşündürür, kədərləndirir, sevindirir, fərəhləndirir, bir sözlə, insan və şəxsiyyət kimi özümüzü formalaşdırmağımıza töhfə verir. Ona görə də, sadəcə müsabiqələrə qatılmaq xatirinə yox, hər gün mütaliə ilə məşğul olmalıyıq”.

 

“Özümü oxucu kimi kəşf etdim”

 

Ağdam rayonu 1 nömrəli tam orta məktəbin VIII sinif şagirdidi Fidan Quliyeva. O da I Uşaq kitabı festivalındadı. Təhsil Nazirliyinin təşkil etdiyi “Düşünən oxucu” müsabiqəsinin qaliblərindəndi. Elə bu müsabiqə sayəsində də festivalda iştirak şansı qazanıb. İlk kitab festivalına qatıldığı üçün özünü çox xoşbəxt hiss edir. Görünən odur ki, bu müsabiqə onun həyatını dəyişəcək. Çünki iştirakçısı olduğu müsabiqə onun fərqində olmadığı bəzi gerçəklərin üstünə işıq salıb: “Bu müsabiqə mütaliə həvəsimi daha da artırdı. Bu sayədə öyrəndim ki, məktəb kitabxanamızda çox maraqlı kitablar var. Məhz bu müsabiqə sayəsində özümü oxucu kimi kəşf etdim”.

 

Burada iştirak ona həm də seçilən olmağın sevincini, qələbəni daddırıb:  “Bu müsabiqəyə böyük həvəslə qatıldım. Qalib olmağıma hədsiz dərəcədə sevindim”.

 

Sevinməkdə haqlıdı. Axı, Fidan Quliyeva ölkə məktəbliləri arasında ilk dəfə keçirilən “Düşünən oxucu” müsabiqəsinin 20609 iştirakçısı arasından fərqləndirilib mükafatlandırılan 30 nəfərdən biridir.

 

Təhsil Nazirliyi şagirdlərin kitaba üz tutmasını prioritet məsələ kimi qəbul edir

 

Sözügedən mükafatlandırma Beynəlxalq Uşaq Kitabı Gününə təsadüf edirdi. I Uşaq kitabı festivalının keçirildiyi “Passaj - 1901” sərgi salonunda baş tutdu. Təltif edənlərdən biri də  təhsil nazirinin müavini Firudin Qurbanov idi. Nazir müavini uşaqlara mütaliənin rolundan, ədəbiyyatın gücündən bəhs etdi: “Şəxsiyyət olaraq insanın formalaşıb kamilləşməsində, mənəvi aləminin zənginləşməsində, dünyagörüşünün və bilik dairəsinin genişlənməsində, cəmiyyət hadisələrinə çevik, həssas və obyektiv münasibət bəsləməsində, bədii təxəyyülünün, obrazlı və məntiqi təfəkkürünün, idraki bacarıqlarının inkişafında, bir çox hallarda isə həyat yolunun müəyyənləşməsində və vətəndaşlıq tərbiyəsində mütaliənin müstəsna rolu var. Şagirdlərin mütaliəsi işinin təşkilindəki təcrübədə sınaqdan çıxmış ənənələri tətbiq etmək, onların mütaliəyə həvəsini daha da gücləndirmək və mütaliə vərdişlərini inkişaf etdirmək təhsil sahəsində prioritet vəzifələrdən biridir”.

 

Firudin  Qurbanovun fikrincə, “Düşünən oxucu” müsabiqəsinin keçirilməsini zəruri edən əsas məqamlar var. Təhsil Nazirliyi şagirdlərin kitaba, bədii ədəbiyyata üz tutmasını, mütaliəyə istiqamətləndirilməsini prioritet məsələ kimi qəbul edir. Elə bu səbəbdən də müxtəlif tədbirlər, müsabiqələr təşkil olunur.

 

Uşaq ədəbiyyatının özündən böyük işlər görmək istəyənlərin ədəbiyyatı olduğunu vurğulayan “Göyərçin” jurnalının baş redaktoru Rafiq Əliyev “Düşünən oxucu” müsabiqəsinin davamlı olacağını düşünür: “Müsabiqə çərçivəsində 132 uşağı dinlədim, inanın ki, hər biri birinciliyə layiqdir”.

 

“Siz Şekspir haqqında fikir söyləyəcək insansınız”

 

Tədbirdə çıxışı çox maraqla qarşılanan “Qanun” nəşrlər evinin təsisçisi və direktoru Şahbaz Xuduoğlu 20 min məktəbli arasından seçilərək mükafatlandırılan 30 məktəblini “qəhrəman” hesab edir: “Çünki ölkədə ilk dəfə keçirilən bir müsabiqənin qalibisiniz. Bu müsabiqəyə qatılmaq üçün lazım olan cəsarət, natiqlik qabiliyyəti və özünəməxsusluq bu uşaqlarda var. Bu keyfiyyətlərdən birinin olmadığı şagird bu müsabiqənin qalibi ola bilməzdi”.

 

Ş.Xuduoğlu qalib məktəblilərə kitab oxumaqla iş bitmədiyini də anlatmağa çalışıb. Həm oxumaq, həm də düşünmək lazımdı. Ən önəmlisi isə: “Utancaq olmamalı, bacarığını göstərmək üçün sərbəst olmalısınız. Fərqlənməkdən qorxmayın. Siz Şekspir haqqında fikir söyləyəcək insansınız. Özünüzü bunun əksinə inandırmayın. Ədəbi dildə danışın və oxuduğunuz mətnə sual verin. Müəllifin bu əsəri niyə yazdığı, nə demək istədiyini düşünün”.

 

Qeyd edək ki, ümumi təhsil müəssisələrinin V - IX sinif şagirdləri arasında keçirilən “Düşünən oxucu” müsabiqəsi yanvarın 5-dən fevralın 21-dək olan dövrü əhatə edib. Üç mərhələdə təşkil olunmuş müsabiqənin final mərhələsinə 132 şagird keçib. Münsiflər 132 şagirdin videotəqdimatını qiymətləndirərək 30 nəfər qalibi müəyyən edib.

 

 Ruhiyyə DAŞSALAHLI



10.04.2022 | 11:30