“Sənətin harmoniyası” adlı fərdi rəsm sərgisi

Naxçıvan Müəllimlər İnstitutunda Təsvir incəsənət müəllimliyi ixtisasının IV kurs tələbəsi Günay Kərimovanın “Sənətin harmoniyası” adlı fərdi rəsm sərgisi təşkil olunub.

 

İnstitutun rektoru Azad Novruzov ölkəmizdə, o cümlədən Naxçıvan Muxtar Respublikasında təhsilə göstərilən diqqət və qayğıdan, gənc nəslin yetişməsi üçün yaradılmış şəraitdən danışaraq qeyd edib ki, rəssamların, gənc müəllimlərin sərgilərinin keçirilməsi, yaradıcılıq fəaliyyətlərinin işıqlandırılması, təsviri incəsənət müəllimliyi ixtisası və digər ixtisaslarda təhsil alan istedadlı tələbələrə yaradılan şərait, fəaliyyətlərinin dəstəklənməsi bu qayğı və diqqət əsasında təmin edilir. Bütün bu tədbirlər tələbə-gənclərə daha həvəslə çalışmaları üçün stimul olur.

 

Tədris və tərbiyə işləri üzrə prorektor Çapay Quliyev qeyd edib ki, institutda təhsil alan hər bir gənc öz potensial inkişafının qayğısına qalmalı və qabiliyyətini formalaşdırmaqda maraqlı olmalıdır:”Bu gün Günay Kərimovanın nümunəsində gənc rəssamların yetişməsi, tələbələrin asudə vaxtlarının səmərəli keçirilməsi, yaradıcılıq imkanlarının artırılması institutda yaradılmış şəraitdən tədris və tərbiyə sahəsində səmərəli istifadənin göstəricisidir”.

 

Sonra ixtisasartırma və yenidənhazırlanma üzrə prorektor Həbibə Allahverdiyeva istedadlı tələbələrdən biri olan G.Kərimovanın çəkdiyi rəsmlər, onların janrları haqqında məlumat verib. Prorektor bildirib ki, o, təsviri incəsənətin müxtəlif janrlarına müraciət etsə də, əsərlərində daha çox vətənpərvərlik, mənzərə, rəngkarlıq-qrafika, geyim nümunələri üstünlük təşkil edir.

 

Sonda G.Kərimovanın rəsm və dekorativ əl işlərinə baxış keçirilib. Sərgidə realist, üslubda işlənmiş portret, etüd, natürmort, mənzərə, rəngkarlıq qrafika və dekorativ işlərdən ibarət 30 əsər nümayiş olunub.



12.04.2022 | 16:07