AzTU ilə Müdafiə Sənayesi Nazirliyinin Elmi-Tədqiqat İnstitutu əməkdaşlığa başladı

Azərbaycan Texniki Universitetinin (AzTU) rektoru Vilayət Vəliyevin rəhbərlik etdiyi nümayəndə heyəti Müdafiə Sənayesi Nazirliyinin Elmi-Tədqiqat İnstitutunda olub. Elmi-Tədqiqat İnstitutunun rəhbərliyi və əməkdaşları ilə görüşən rektor, həmçinin burada aparılan elmi-tədqiqat işləri ilə tanış olub.

 

V.Vəliyev institutda işləyən və təcrübə keçən AzTU-nun tələbə və məzunları ilə də görüşüb. Görüşlərdən sonra AzTU ilə Müdafiə Sənayesi Nazirliyinin Elmi-Tədqiqat İnstitutu arasında əməkdaşlıq haqqında memorandum imzalanıb. Memorandumu AzTU-nun rektoru Vilayət Vəliyev və Elmi-Tədqiqat İnstitutunun direktoru Mürsəl Əliyev imzalayıblar.

 

Memoranduma əsasən, tərəflər institutda  həyata keçirilən layihələrə tələbələrin və gənc alimlərin cəlb edilməsi, elmi-tədqiqat işlərinin aparılması üçün laboratoriyaların maddi-texniki bazasının gücləndirilməsi, elmi-texniki və texnoloji problemləri əhatə edən yeni mövzuların yazılması və digər istiqamətlərdə əməkdaşlıq edəcək. 

 

 



13.04.2022 | 18:55