“Praktik pedaqogika” adlı metodik vəsait

“Müəllim” nəşriyyatı tərəfindən Vaqif Mahmudov, Nəzakət İmamverdiyeva, Eleonora Həsənova, Səadət Əlizadə, Sevil Mahmudova və Adil Həsənovun müəllifliyi ilə “PRAKTİK PEDAQOGİKA” adlı A5 formatında 550 səhifəlik yeni kitab işıq üzü görmüşdür.

 

Bakı Dövlət Universitetinin “Sosial elmlər və psixologiya” fakültəsinin 22 fevral 2021-ci il tarixli Elmi Şura iclasının qərarı ilə bu vəsaitin çap olunması məqsədəuyğun hesab edilmişdir.

 

Metodik vəsait geniş və əhatəli olaraq pedaqoji məsələləri özündə birləşdirir. Vəsaitdə həm təhsilverənlər, həm də təhsilalanlar üçün pedaqogika elminin nəzəri və praktik məsələləri haqqında məlumatlar verilir. Bu məlumatlar qısa, yığcam və müxtəsər olmaqla pedaqogikanın aktual problemləri haqqında ən son və yeni məlumatlardır. Bu məlumatlar metodik vəsaitin sonrakı mərhələlərinə bir davamdır. Bu mərhələlərin öyrənilməsi, praktik çalışmalar, pedaqoji testlər, pedaqoji məsələlər pedaqogika elminin nəzəri və praktik məsələlərinin möhkəmlənməsinə xidmət  edir.

 

Metodik vəsaitdə verilən “Pedaqoji sxemlər” pedaqogika elminin müxtəlif sahələrini, bölmələrini əhatə edir və bütün bunlar da pedaqogikanın öyrənilməsini, xüsusilə pedaqogikanın müxtəlif bölmələrinin, sahələrinin və hətta mövzularının öyrənilməsini xeyli asanlaşdırır.

 

Metodik vəsait müəllim və tələbələri praktik pedaqoji biliklərlə silahlandırır ki, bu da pedaqoji biliklərin mənimsənilməsi prosesini xeyli dərəcədə asanlaşdırır və daha səmərəli, daha  keyfiyyətli edir.

 

Vəsaitdə məktəb həyatından və müxtəlif təcrübələrdən qaynaqlanmış pedaqoji situasiyalı məsələ və hekayələrlə yanaşı tədqiqat xarakterli düşündürücü suallar, o cümlədən, MİQ, sertifikasiyaya dair suallar və onların izahı, kurikulum və müxtəlif bölmələr üzrə kifayət qədər testlər və 50-dən çox təlim üsulları haqqında geniş məlumat verilmişdir.

 

Kitabdan müəllimlər, pedaqoji ali və orta ixtisas məktəblərinin tələbələri, magistrlər və doktorantlar geniş şəkildə istifadə edə bilər.

 



15.04.2022 | 12:37