Yol hərəkəti qaydalarına əməl edək, özümüzü təhlükələrdən qoruyaq

Ölkəmizdə bütün sahələr olduğu kimi, nəqliyyat sahəsi, eləcə də yol infrastrukturu hər zaman inkişaf edir, yol şəbəkəsi genişlənir, yeni yollar çəkilir. Bu baxımdan yol hərəkəti təhlükəsizliyinin təmin olunması da əsas amil kimi önə çıxır.

 

Hər bir şəxs hər gün müxtəlif yollardan istifadə edir. Xüsusilə məktəblilər.  Onların təhlükədən qorunmaq üçün yol hərəkəti qaydalarından xəbərdar olması mütləq vacibdir. Çünki ani diqqətsizlik, tələsik hərəkət etmə, piyada keçidlərindən düzgün istifadə olunmaması xoşagəlməz hadisələrə gətirib çıxara bilər. Buna görə də təhlükəsiz həyat üçün düzgün davranış vərdişlərinin erkən yaşlardan formalaşdırılmasına başlamaq mühümdür.

 

Təhsil müəssisələrində yol hərəkətinin təhlükəsizliyinin təşkilinə dair təbliğat-təşviqat, maarifləndirmə tədbirləri hər il təşkil olunur. Tədris prosesində  aşağı siniflərdən 9-cu sinifə qədər demək olar ki, hər sinifdə bu barədə dərslər keçirilir. Yol mədəniyyəti haqqında şagirdlərə müəyyən biliklər verilir, yol nişanları, yol hərəkəti qaydaları öyrədilir. Maarifləndirici video çarxlar, qısametrajlı filmlər vasitəsi ilə məlumatlar çatdırılır. Bundan başqa, ekskursiyalar təşkil olunur, əsasən nəqliyyatın seyrək olduğu ərazilərdə baş tutur. Məktəblilərə piyada zolaqlarından, işıqforun rənglərindən, yol nişanlarından necə istifadə olunması qaydaları izah edilir. Şagirdlər kitabda öyrəndiklərini, eləcə də müəllimin söylədiklərini əyani formada görüb tədbiq edirlər. Yol hərəkəti qaydalarının, təhlükəsiz davranış vərdişlərinin uşaq və yeniyetmələrə aşılanmasında təhsil müəssələrində müəllimlərin oynadığı rolu, həmçinin uşağı ilə birgə gəzməyə gedərkən valideynlər də oynayır.

 

Kiçik yaşlı uşaqlara yol hərəkəti qaydalarını əyani vəsaitlər üzərində öyrətmək metoduna önəm verilir, çünki balacaların əşyalara, oyuncaqlara marağı böyük olur və onlar zəruri bilgiləri əşyalar üzərində daha yaxşı anlayır.   Texnologiyanın inkişaf etdiyi müasir dünyada uşaqlar rəqəmsal oyunlardan istifadə etməklə yol hərəkəti qaydalarını mənimsəyir, oyunlardakıları gerçəklik kimi görməyə başlayır. Bir çox dərgi və jurnallar uşaqların diqqətini zəruri mövzuya rəngli şəkillərlə cəlb edir...  

 

Ümumiyyətlə, yol hərəkəti qaydalarını öyrənmək və tətbiq etmək hamıya lazımdır, çünki həyati təhlükəsizliyimiz bu istiqamətdəki bilgilərimizdən, məsuliyyətimizdən asılıdır. Yol hərəkəti qaydalarına əməl edək ki, özümüzü bədbəxt hadisələrdən qoruya bilək!

 

Tünzalə QULİYEVA

 



17.04.2022 | 11:26