Berlin Frei Universitetinin fəxri professorunun NDU-da vebinarı

Naxçıvan Dövlət Universitetində (NDU) alman dilçisi və Berlin Frei Universitetinin fəxri professoru Ekkehard Königin iştirakı ilə vebinar keçirilib.

 

Xarici dillər fakültəsində müəllim Nuri Ələviyyənin təşkilatçılığı ilə keçirilən vebinar “İngilis dilinin tipoloji portreti: İngilis dilini digər dillərdən fərqləndirən nədir?” mövzusuna həsr olunub.

 

Beynəlxalq Əməkdaşlıq üçün Maks Plank Tədqiqat mükafatçısı, linqvistik tipologiya, semantika və ingilis dilinin dilçiliyi üzrə ixtisaslaşmış Ekkehard König bu dilin tarixi və bu günkü rolundan danışıb. Qeyd edib ki, müasir dövrdə ingilis dili siyasi danışıqlar və biznes dilinə çevrilib. Beynəlxalq razılaşmalara əsasən, təyyarələrdə işləyən bələdçilər ingilis dilini bilməlidir. Bildirilib ki, Cənubi Amerika və Avropa məktəblərində ən çox tədris olunan dil ingilis dilidir. Filippində və Yaponiyada uşaqlar ingilis dilini ən kiçik yaşlarından öyrənməyə başlayırlar. İngilis dili Britaniya, Kanada, Birləşmiş Ştatlar, Avstraliya və Cənubi Afrika daxil olmaqla, 75-dən çox ölkənin rəsmi dilidir. Diqqətə çatdırılıb ki, müxtəlif dillərin danışıldığı ölkələrdə insanların bir-biri ilə ünsiyyətini təmin etmək üçün çox vaxt ingilis dili rəsmi dövlət dili kimi çıxış edir.

 

Daha sonra professor tərif, eyniləşdirmə, müqayisəliliyin qurulması, müəyyən artiklların işlənməsində sintaktik müxtəliflik, nominal ifadələrdə müəyyən artiklların çoxlu istifadəsi və.s kimi mövzularda iştirakçıları məlumatlandırıb.

 

Xarici dillər fakültəsinin dekanı, filologiya üzrə fəlsəfə doktoru, dosent Şirməmməd Qulubəyli Ekkehard Königə müəllim və tələbələr adından minnətdarlıq edib.

 

Sonda iştirakçıları maraqlandıran suallar cavablandırılıb.

        

 



18.04.2022 | 14:19