MDU bədii yaradıcılıq müsabiqəsinin seçim turunda təmsil olunub

Ümummilli lider Heydər Əliyevin anadan olmasının 99-cu ildönümünə həsr edilmiş bədii yaradıcılıq müsabiqə-festivalının seçim turunda iştirak məqsədilə Mingəçevir Dövlət Universitetinin (MDU) bir qrup tələbəsi Gəncə şəhərində olublar. Azərbaycan Dövlət Aqrar Universitetinin ev sahibliyi ilə keçirilən seçim turunda regionun bir sıra ali təhsil müəssisələri təmsil olunublar.

 

Diqqətə çatdırılıb ki, Təhsil Nazirliyi və Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı  Respublika Komitəsinin Rəyasət Heyətinin qərarı ilə ali, orta və ilk peşə ixtisas təhsili müəssisələrinin tələbələri arasında keçirilən festival gəncləri milli vətənpərvərlik, mədəniyyətimizə, incəsənətimizə, milli adət-ənənələrimizə hörmət ruhunda hazırlamaq məqsədi daşıyır.

 

Seçim turunda bədii qiraət, musiqi və rəqs bacarıqlarını nümayiş etdirən MDU tələbələrinin çıxışı maraqla qarşılanıb.

 

Tələbələrin ifalarının qiymətləndirilməsi Azərbaycan Milli Konservatoriyasının müəllimi, Xalq artisti, münsiflər heyətinin sədri Mübariz Tağıyev, Bakı Xoreoqrafiya Akademiyasının prorektoru, Xalq artisti Təranə Muradova, Əməkdar incəsənət xadimi Baba Vəziroğlu, Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının solisti, Xalq artisti Samir Cəfərov, teatrın baş rejissoru, Əməkdar incəsənət xadimi Hafis Quliyev, Təhsil Nazirliyinin baş məsləhətçisi Maral Salmanova tərəfindən həyata keçirilib.

 

Qeyd edək ki, müsabiqə-festival qaliblərinin yekun konserti may ayının birinci yarısında Bakıda keçiriləcək.



19.04.2022 | 12:10