“İnklüziv təhsildən inklüziv cəmiyyətə” mövzusunda respublika elmi-praktiki konfrans

Bakı Slavyan Universitetində (BSU) “İnklüziv təhsildən inklüziv cəmiyyətə” mövzusunda respublika elmi-praktiki konfrans keçirilib. Konfransda təhsil nazirinin müavini Firudin Qurbanov, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Aparat rəhbəri Ceyran Rəhmətullayeva,  Təhsil İnstitutunun direktoru Rüfət Əzizov, “Birgə və Sağlam” İctimai Birliyinin sədri, Autizm Mərkəzinin rəhbəri Aytən Eynalova, həmçinin aparıcı ali təhsil müəssisələrindən, elmi mərkəzlərdən, müxtəlif təşkilatlardan nümayəndələr, BSU-nun professor-müəllim və tələbə heyəti iştirak ediblər.

 

Konfransın plenar iclasını giriş sözü ilə açan BSU-nun rektoru, siyasi elmlər üzrə fəlsəfə doktoru Anar Nağıyev təhsil vasitəsilə inklüzivliyin təşviqi, inklüzivliyin təhsil proqramlarında əks olunması kimi məsələlərin müzakirə olunmasının əhəmiyyətini vurğulayıb. Qeyd edib ki, Bakı Slavyan Universitetində keçirilən konfrans sağlamlıq imkanları məhdud şəxslərin inklüziv təhsilə cəlb olunması yollarını araşdırmaq, onların cəmiyyətə inteqrasiyası və onlar üçün maneəsiz mühitin yaradılması ilə bağlı gələcək addımları müəyyənləşdirmək məqsədini daşıyır.

 

Plenar iclasın ilk məruzəçisi təhsil nazirinin müavini Firudin Qurbanov “Təhsil vasitəsi ilə inklüziyanın və inteqrasiyanın təşviqi” mövzusunda çıxış edib. “İnklüziya, həmçinin, tolerantlığı, dözümlülüyü, fərqliliklərə hörmətlə yanaşmağı, müxtəlifliyi qəbul etmək və dəstək verməyi, cəmiyyətdə tam və fəal iştirakı təşviq edir. Eyni zamanda cəmiyyətdə inklüzivliyin mövcudluğu inklüziv mədəniyyətin yaradılmasından, inklüziv siyasətin inkişaf etdirilməsindən və inklüziv təcrübənin tətbiq edilməsindən də asılıdır”-deyə nazir müavini bildirib.  

 

Firudin Qurbanov qeyd edib ki, inklüziv təhsilin geniş miqyasda tətbiqi məqsədilə qəbul olunan “2018–2024-cü illərdə Azərbaycan Respublikasında sağlamlıq imkanları məhdud şəxslər üçün inklüziv təhsilin inkişafı üzrə Dövlət Proqramı”nın icrası davam edir. Dövlət Proqramı çərçivəsində hazırda 12 məktəbdə inklüziv təhsil üzrə pilot layihə icra edilməkdədir. Həmin məktəblərdə inklüziv mühitin yaradılması üçün infrastruktur uyğunlaşdırılıb və müəllim heyəti inklüziv təhsil üzrə təlimlərə cəlb edilib. İnklüziv təhsil məktəblərinin şəbəkəsinin genişləndirilməsi istiqamətində işlərin görülməsi nəzərdə tutulur.

 

Təhsil nazirinin müavini diqqətə çatdırıb ki, Azərbaycanda 2021-2022-ci tədris ilində 12 min 562 nəfər xüsusi təhsilə cəlb olunub. Onlardan 157-si inklüziv təhsilə, 8456 nəfər evdə təhsilə cəlb edilib. Hazırda Təhsil Nazirliyi hökumət təşkilatları, beynəlxalq fondlar, ictimai birliklər, qeyri-hökumət təşkilatları ilə əməkdaşlıq çərçivəsində milli qanunvericiliyin təkmilləşdirilməsi, ümumi təhsil pilləsində inklüziv təhsilin genişləndirilməsi, müəllim hazırlığı istiqamətində fəaliyyətlərini davam etdirir.

 

Təhsil İnstitutunun direktoru Rüfət Əzizov “Kurikulumda inklüziv təhsil yanaşmaları” adlı məruzəsində bildirib ki, inklüziv təhsil uşaqyönümlü metodologiyanı inkişaf etdirməyi hədəf götürür və bütün uşaqların – fərdlərin təhsildə müxtəlif ehtiyaclara malik olduqlarını qəbul edir. 

 

Tədbir Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Aparat rəhbəri Ceyran Rəhmətullayevanın “Xüsusi qayğıya ehtiyacı olan uşaqların təhsilə inklüziyası üçün ailə dəstək xidmətləri” və “Birgə və Sağlam” İctimai Birliyinin sədri, Autizm Mərkəzinin rəhbəri Aytən Eynalovanın “Azərbaycanda autizm spektrlı uşaqlarla iş: autizm mərkəzinin fəaliyyəti” mövzularındakı çıxışları və dəyərli müzakirələrlə davam etdirilib.

 



19.04.2022 | 17:40