Magistrantlar Azərbaycan Britaniya Kollecində

Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Biznesin təşkili və idarə edilməsi (MBA) ixtisasının Təhsilin təşkili və idarə olunması ixtisaslaşması üzrə təhsil alan magistrantları Azərbaycan Britaniya Kolleci (ABC) Təhsil Kompleksinin qonağı olublar.

 

Görüşdə ADPU-nun Tədris Departamentinin direktor müavini, Təhsil menecmenti kafedrasının dosenti Ənvər İmanov Britaniya kollecinin direktoru Karl.P. Lander, kollecin baş meneceri Ələkbər Ələkbərov ilə birlikdə magistrantlara beynəlxalq məktəblərdə təhsilin idarə olunması, liderlik, idarəçilik təcrübəsi haqqında nəzəri və praktik  məlumatlar veriblər.

        

Karl. P. Lander magistrantlar qarşısında “Təhsildə liderliiyn beynəlxalq aləmdə inkişaf perspektivləri” mövzusunda çıxış edib. O, beynəlxalq təhsil müəssisələrində  təhsilin keyfiyyətinin idarə edilməsinin əsas xüsusiyyətlərindən, təhsilə pedaqoji nəzarət məsələlərindən, təhsilin keyfiyyətinin monitorinqi və qiymətləndirilməsinə dair problemlərdən, təhsildə nəzarətin əsas üsulları və formalarından, təhsilin keyfiyyətinin bütün sosiomədəni aspektlərinin mərhələli və çoxsəviyyəli təhlilini əhatə edən yanaşmalardan, eyni zamanda beynəlxalq təcrübədən bəhs edib.

 

Ə.Ələkbərov magistrantlara ABC Təhsil Kompleksinin yaranması və inkişaf tarixindən, kollecin bazası, tədris prosesi, idarəçilikdə əsas yeri tutan müəllimlərin iş şəraitindən danışıb. O, qonaqları ABC Təhsil Kompleksinin maddi-texniki tədris bazası ilə tanış edərək bildirib ki, ABC 2012-ci ildən fəaliyyətə başlayıb, hazırda bağça, məktəbəqədər hazırlıq, ibtidai və orta təhsil imkanları yaradan qabaqcıl təhsil müəssisəsi kimi Azərbaycan vətəndaşları da daxil olmaqla, 25 müxtəlif ölkədən olan 635 şagirdə xidmət göstərməkdədir. ABC TK-də İngiltərə milli kurikulumu 24 əcnəbi və 50 yerli müəllim tərəfindən tədris olunur. Azərbaycan Respublikası Təhsil Nazirliyinin tələbinə uyğun olaraq, əlavə dərslər kimi Azərbaycan dili, ədəbiyyat və tarix fənnləri də kurikuluma daxil edilib. ABC Beynəlxalq Məktəblər Şurası tərəfindən tam akkreditasiya olunmuş yeganə məktəbdir və Britaniya Məktəblər Şurasının üzvüdür.

 

Qeyd edilib ki, ABC Təhsil Kompleksində cari tədris ilindən qarşılıqlı müqavilə əsasında ADPU-nun bakalavriat səviyyəsində üç ixtisası üzrə təhsil alan tələbələrinin pedaqoji təcrübəsi təşkil olunub.

 

Sonda magistrantların çoxsaylı sualları cavablandırılıb.

 



20.04.2022 | 17:17