“İnstitutumuz festivalda yüksək texniki göstəricilərə malik cihazlar nümayiş etdirəcək”

Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Radiasiya Problemləri İnstitutu 26-29 may tarixlərində Bakıda baş tutacaq “Teknofest Azərbaycan” Aviasiya, Kosmos və Texnologiya festivalı çərçivəsində keçiriləcək sərgidə Akademiya üçün ayrılmış pavilyonda 2 eksponatla təmsil olunacaq.

 

Bu barədə Radiasiya Problemləri İnstitutunun baş direktoru, AMEA-nın müxbir üzvü İslam Mustafayev məlumat verib.

 

Əhalinin və ətraf mühitin radiasiya təhlükəsizliyinin təmin edilməsinin alimlər qarşısında duran əsas vəzifələdən olduğunu deyən İ.Mustafayev rəhbərlik etdiyi institutda radiasiya təhlükəsizliyi sahəsində zəngin təcrübənin formalaşdığını, uzun illərdir ki, müvafiq istiqamətdə tədqiqatların aparıldığını və yüksəkixtisaslı mütəxəssislərin yetişdirildiyini bildirib.

 

O, radiasiya təhlükəsizliyi sahəsində müasir texnologiyaların tətbiqi ilə kompleks multidissiplinar tədqiqatların aparıldığını diqqətə çatdırıb. Baş direktor qeyd edib ki, təqdim olunacaq eksponatlardan biri institutun mütəxəssislərinin keçilməz və təhlükəli dağ relyefində radiasiya monitorinqini aparmaq üçün hazırladığı cihazdır. Bu cihaz pilotsuz uçuş aparatlarının üzərində yerləşdirilmiş radiometrdən ibarətdir.

 

“Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən təşkil edilən ekspedisiyalar çərçivəsində institut nümayəndələrindən ibarət qrup il yarım ərzində 8 dəfə işğaldan azad olunmuş torpaqlarımızın minalardan təmizlənmiş ərazilərində radioekoloji monitorinqlər aparıb”, - deyə İ.Mustafayev bildirib. Onun sözlərinə görə, keçilməz relyeflərdə radiasiya monitorinqinin tam mənzərəsini əldə etmək üçün bu prosesin pilotsuz uçuş aparatları üzərində proqramla təmin edilmiş radiasiya səviyyəsini ölçən cihaz – radiometrin yerləşdirilməsi ilə həyata keçirilməsi zəruridir.

 

Baş direktor hazırda institutun gənc alimlərindən ibarət xüsusi bir qrupun bu cihazın prototipinin hazırlanması üzərində işlədiyini və cihazın “Teknofest Azərbaycan” festivalında nümayiş etdirilməsinin nəzərdə tutulduğunu söyləyib.

 

Alim bildirib ki, cihaz yol tikintisi, mədən işləri və s. xüsusi məqsədlər üçün partlayıcı maddələrin uzaqdan idarə olunmasına imkan verən müxtəlif zəruri proqramlarla təchiz olunub.

 

İ.Mustafayev institut alimləri tərəfindən hazırlanmış bu texnoloji həllərin yüksək texniki göstəricilərə və geniş imkanlara malik olduğunu vurğulayıb. O, “Teknofest Azərbaycan” Aviasiya, Kosmos və Texnologiya festivalının ən müasir texnoloji qurğuların ölkə ictimaiyyətinə təqdimatı, eləcə də gələcək əməkdaşlıqlar üçün mühüm platforma olduğunu qeyd edib.

 

 



21.04.2022 | 11:24