Paytaxt məktəbində şəhidin xatirəsi anılıb

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki 60 nömrəli tam orta məktəbin məzunu, Vətən Müharibəsi şəhidi Rəşad Zeynallının barelyefinin açılışı və şəhidin xatirəsinə həsr edilmiş “Rəşadətli ömür” sənədli filminin təqdimat mərasimi keçirilib.

 

Mərasimdə BŞTİ-nin müdiri Mehriban Vəliyeva, Yasamal Rayon İcra Hakimiyyətinin başçısı Elşad Həsənov, Nəsimi Rayon İcra Hakimiyyətinin başçısı Asif Əsgərov, millət vəkili Elnur Allahverdiyev, BŞTİ-nin müvafiq struktur bölmə rəhbərləri, şəhidin yaxınları, yazıçılar, ictimaiyyət və KİV nümayəndələri, müəllimlər, şagirdlər və digər qonaqlar iştirak ediblər.

 

Tədbir Dövlət Himninin səsləndirilməsi və Vətən uğrunda canlarını qurban vermiş şəhidlərin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.

 

BŞTİ müdiri Mehriban Vəliyeva hər bir Azərbaycan vətəndaşının ərazi bütövlüyümüzün qorunması, vətənimizin müdafiəsi uğrunda canından, qanından keçərək şəhidlik zirvəsinə ucalan qəhrəmanlarımızı tanımalı olduğunu qeyd edib. Bu işdə təhsil müəssisələrinin üzərinə böyük vəzifələr düşdüyünü deyən İdarə müdiri Azərbaycanın igid oğullarının xatirəsini əbədiləşdirmək üçün belə təşəbbüslərin əhəmiyyətli olduğunu diqqətə çatdırıb. M.Vəliyeva Vətən Müharibəsi iştirakçısı, şəhid Rəşad Zeynallı kimi müstəqilliyimiz və torpaqlarımızın bütövlüyü uğrunda canından keçmiş qəhrəmanların hər zaman gənc nəslə örnək olduğunu vurğulayıb.

 

Millət vəkili Elnur Allahverdiyev, 60 nömrəli tam orta məktəbin direktoru Emilya Səfərəliyeva, şəhid haqqında yazılmış “Kiçik dünyanın böyük insanları” adlı kitabın müəllifi Jalə Cəfərova Rəşad kimi qəhrəmanların gənc nəslə örnək olduğunu söyləyiblər. Bildirilib ki, torpaqlarımızın azadlığı və bütövlüyü uğrunda canını qurban verən Rəşad Zeynallı heç zaman unudulmayacaq, gənclərimiz onu özlərinə daim örnək biləcəklər.

 

Tədbirdə çıxış edən şəhidin atası Qiyas Zeynallı və ailə üzvləri göstərilən diqqət və qayğıya görə təşəkkürlərini bildiriblər, xatirələrini bölüşüblər.

 

Qeyd edək ki, Rəşad Zeynallı Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğal altında olan ərazilərin azad edilməsi uğrunda gedən Vətən Müharibəsində iştirak edib. O, 2020-ci il oktyabrın 8-də şəhid olub. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamına əsasən ölümündən sonra "Vətən uğrunda", "Cəbrayılın azad olunmasına görə", "Qubadlının azad olunmasına görə" və "Cəsur döyüşçü" medalları ilə təltif edilib.

 

 



21.04.2022 | 19:57