Bölgələrdə modul tipli məktəblər quraşdırılır

Ölkəmizin şimal bölgəsində 21 yeni modul tipli  məktəbin quraşdırılması nəzərdə tutulub.

 

2 saylı Ərazi Maliyyə Hesablaşma Mərkəzinin direktor müavini Fərhad Əmrahov bildirib ki,  Qubada 8, Xaçmaz və Qusar rayonlarının hər birində 4, Şabranda 3, Siyəzəndə isə 2 modul tipli  məktəb  yeni tədris ilinədək istifadəyə veriləcək.  21 modul tipli məktəbin  əksəriyyətində quraşdırma işlərinə başlanılıb.

 

2018-2019 –cu tədris ilində Qubanın Alıc, Nütəh, Cimi, Dərk, Rük, Çarxaçı, Qarxun, Zıxır, Xaçmazın Alıcqışlaq, Qaracəlli, Cığatay, Ərəb, Qusarın Ləcət, Zindan Muruq, Yeni Həyat, Yuxarı Tahircal, Siyəzənin Qalaaltı, Qozağacı, Şabranın  Xəlfələr, Qazbabalı kənd və Şabran şəhər 1 nömrəli məktəblərin şagirdləri müasir binalarda təhsil alacaqlar.

 

Qeyd edək ki,  modul tipli məktəblərin üstünlükləri azməsrəfli olması ilə yanaşı, qısa müddət ərzində istənilən relyefdə quraşdırılması, asan daşınması, şagirdlərin sayına uyğun olaraq sinif otaqlarının rahatlıqla azaldılıb-artırılmasıdır.

 

 

Şakir CƏFƏROV

 

 

 



15.08.2018 | 11:23