Oksford Universitetində çalışan azərbaycanlı gəncin “Xaricdə təhsil və tədqiqat təcrübəsi” mövzusunda seminarı

Mingəçevir Dövlət Universitetində (MDU) dünyanın lider ali təhsil müəssisələrindən olan Böyük Britaniyanın Oksford Universitetinin akademik heyət üzvü, iqtisad üzrə fəlsəfə doktoru Rüstəm Cəmilov tərəfindən “Xaricdə təhsil və tədqiqat təcrübəsi” mövzusunda seminar keçirilib.

 

Onlayn formatda təşkil edilən seminarda universitetin əməkdaşları, tələbələri, magistrantları və doktorantları iştirak ediblər.

 

Seminara moderatorluq edən MDU rektorunun müşaviri Hamiz Mahmudov qonağı iştirakçılara təqdim edib. O, gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarının dövlət tərəfindən dəstəklənməsindən söhbət açıb, bununla bağlı həyata keçirilən müvafiq dövlət proqramlarını diqqətə çatdırıb. Məhz dövlətin bu istiqamətdə yaratdığı imkanlar sayəsində R.Cəmilovun bakalavriat, magistratura və doktorantura təhsilini Avropanın nüfuzlu universitetlərində (İtaliyanının Bokkoni Universiteti, London İqtisadiyyat Məktəbi və London Biznes Məktəbi) aldığı vurğulanıb və hazırda dünya reytinqlərində ilk sıralarda yer alan Oksford Universitetində azərbaycanlı gəncin akademik və elmi fəaliyyət göstərməsinin qürurverici olduğunu qeyd edib.

 

Seminarın məruzəçisi R.Cəmilov son dövrdə modernləşmə yolunda mühüm addımlar atan MDU-nun kollektivi ilə bir arada olmaqda məmnunluğunu bildirib və “Xaricdə təhsil və tədqiqat təcrübəsi” mövzusunda təqdimatla çıxış edib. Təqdimatda R.Cəmilov təhsil aldığı və çalışdığı dövrlərdə xarici universitetlərdə tədris və tədqiqat fəaliyyətləri ilə bağlı əldə etdiyi təcrübələrini bölüşüb.

 

Tədqiqat prosesinin məqsədlərindən, elmi məqalələrin yazılması və beynəlxalq nüfuzlu iqtisadi və maliyyə jurnallarında dərc edilməsindən danışan R.Cəmilov nüfuzlu nəşrlərə elmi məqalələrin göndərilməsi və qəbul olunmasınadək keçilən bütün mərhələlərdən, bununla bağlı diqqət yetiriləsi amillərdən bəhs edib.

 

Tədqiqat işlərinin tətbiqiliyinin yüksək səviyyədə olması üçün başlıca prinsiplər barədə məlumat verən məruzəçi yeni empirik əlaqənin qurulmasının, verilənlər (data) bazasının, arxiv işi və rəqəmsallaşmanın, kartoqrafiya və coğrafi təhlilin, həqiqi və kvazi təbii eksperimentlərin, çoxölkəli və çoxillik faktların və nəticələrin önəmini diqqətə çatdırıb.

 

Tədqiqatın müasir metodları və alətlərindən danışan R.Cəmilov müxtəlif beynəlxalq institutların akademik heyət üzvləri ilə əməkdaşlığın əhəmiyyətindən, birgə məqalələrin yazılmasından və bu məqsədlə beynəlxalq təcrübədə tətbiq olunan əmək bölgüsündən bəhs edib.

 

İştirakçılar tərəfindən böyük maraqla qarşılanan seminarda mövzu ilə bağı fikir mübadiləsi aparılıb və iştirakçıların sualları cavablandırılıb.

 

 



22.04.2022 | 16:47