"Sağlam Təhsil-Sağlam Millət” layihəsinin hesabat tədbiri keçirilib

"Sağlam Təhsil-Sağlam Millət” layihəsinin onlayn hesabat tədbiri keçirilib. 

 

Tədbirdə bildirilib ki, hazırda Bakı və Sumqayıt şəhərləri üzrə 40 məktəbdə gigiyenik normalara tam cavab verən sağlam təhsil sinifləri fəaliyyət göstərir, 11 məktəbdə isə maarifləndirmə işləri həyata keçirilir.


2013-cü ildən başladılan layihədə təhsilalanların təlim nailiyyətlərinin yüksəldilməsi ilə yanaşı, onların fiziki, psixi və mənəvi sağlamlığının qorunmasının zəruriliyi önə çəkilir. 

 

Qeyd olunub ki, 2021-2022-ci tədris ilində sağlam təhsil siniflərinin müəllimləri üçün  30 təlim təşkil edilib.  İlboyu mentorlar qrupu üçün təlimlər davam etməkdədir. İndiyə kimi 20-dən çox təlim keçirilib. 


2021-ci ilin oktyabr-noyabr aylarında valideynlər üçün 47 onlayn seminar baş tutub. Seminarlarda 4000-ə yaxın valideyn iştirak edib. Bu  tədris ilində məktəb psixoloqları üçün 3 təlim təşkil edilib. 

 

Bundan başqa, layihə çərçivəsində şagirdlərin fiziki cəhətdən sağlam və çalışqan böyüməsi məqsədilə hər il turnik yarışı keçirilir. Şagirdlərin mənəvi sağlamlığın formalaşması, "Şəxsi gigiyena" mövzusunda təlimlər təşkil edilir.

 

Tədbirdə layihənin gələcək perspektivləri, risklər və davamlılıq məsələləri müzakirə edilib.

 

 



22.04.2022 | 18:52