Mövlamlı Məryəm: “Böyüyəndə məşhur rəssam olacağam”

Əslində onun göz oxşayan, könül ovsunlayan əl işlərinə nəzər yetirərkən  yerin-göyün  əzrarəngiz naxışlarının, mövzu rəngarəngliyinin, məna və məzmun genişliyinin  azyaşlı bir qızcığazın kiçik ürəyinə necə sığa bildiyinin fərqində olmaya bilmirsən.

 

İstedad və bacarığı ilə yaşıdlarından fərqlənən, öz yaradıcılıq nümunələri ilə ürəkləri fəth edən növbəti təqdimatımın sahibinin təhsil aldığı  ünvanda dediklərimin əyani şahidi oldum. Bu ünvan oxucularımıza yaxşı tanış olan  bir təhsil ocağı, yaradıcılıq məkanıdır, çoxlu istedad sahibinin pöhrələndiyi nurlu bir məkan. O ünvan ki, onlarla məşhur yaradıcı insanın həyatına işıq salıb, pöhrələndirib və zirvələrə yüksəldib. Bu gün də həmin ünvanda gələcəyin məşhur rəssamlarından biri ola biləcək bir yeniyetmə qızın qısa, amma olduqca zəngin  yaradıcılıq yoluna işıq salacağıq. Onun adı Məryəm, soyadı isə Mövlamlıdır.

 

İlk uğur - “Mənim arzularım”

 

Məryəm 2012-ci il martın 12-də Bakı şəhərində anadan olub. Kiçik yaşlarından rəsm çəkməyi sevir. 2018-ci ildən İncəsənət Gimnaziyasında təhsil alır. İlk uğuruna da  birinci sinifdə  oxuyarkən imza atıb və onun həvəslə çəkdiyi “Mənim arzularım” rəsmi beynəlxalq rəsm müsabiqəsində III yerə layiq görülüb. Bu uğur Məryəmə gimnaziyada ixtisas müəllimindən fərdi dərs  almaq  imkanı  da qazandırıb.

 

“Bolqarıstan uşaqların gözü ilə”

 

Xarici ölkələrdə qatıldığı bütün  müsabiqələrdə  Məryəm demək olar ki,  bir-birinin ardınca ancaq uğurlara imza atıb. Bolqarıstan səfirliyinin təşəbbüsü ilə keçirilən  “Bolqarıstan uşaqların gözü ilə” rəsm müsabiqəsində onun təsvir etdiyi tablo bütün iştirakçıları heyran edib  və balaca rəssamın adı  qaliblər sırasında yer alıb. Eyni müsabiqəyə onun təqdim etdiyi ikinci rəsm əsəri də mükafata layiq görülüb.

 

70-dən artıq diplom

 

Daha sonra İndoneziyanın Azərbaycandakı səfirliyinin təşkil etdiyi “İndoneziya uşaqların gözü ilə” adlı rəsm müsabiqəsində də Məryəmin əsəri  II yerə layiq görülüb. Sevindirici haldır ki, Məryəmin yaradıcılıq tarixçəsində müxtəlif  beynəlxalq və respublika əhəmiyyətli müsabiqələrdə qazandığı 70-dən çox diplom və sertifikat, fəxri fərman, eləcə də başqa mükafatlar var və bunların hamısı gərgin əməyin, bir də  fitri istedadın ona nəsib etdiyi Tanrı töhfəsidir. Məryəmin Azərbaycan Ordusunun erməni faşistləri ilə apardığı 44 günlük Vətən müharibəsindən bəhs edən rəsmlərinə, ümumiyyətlə, həyəcansız baxmaq mümkün deyil. Onun həssas uşaq qəlbinin  nə qədər geniş, vətənpərvərlik hissinin necə də yüksək olduğu rəsmlərindəki məna və məzmun çalarlarından aydın oxunur. Bu rəsmlərlə Məryəm  müxtəlif nominasiyalı müsabiqələrə qatılıb və hər dəfə də qalib olub.

 

“Könlüm keçir Qarabağdan”

 

Azərbaycan Tarixi muzeyində “Zəfər Günü”nə həsr olunan “Könlüm keçir Qarabağdan” adlı I Respublika rəsm müsabiqəsində də balaca istedad sahibi öz pərəstişkarlarını, müəllimlərini, sinif yoldaşlarını, dərnək dostlarını sevindirərək uğura imza atıb. Bu mövzuya həsr etdiyi  rəsmlərdə Məryəm  Azərbaycan-Türkiyə dostluğunun dərin fəlsəfəsini  məhəbbət hissi ilə tərənnüm edib.

 

Respublika baxış-müsabiqəsində

 

Məryəmin uğurlarını sadalamaqla bitmir. O, 2021-ci ildə “Nizami Gəncəvi İli”ndə Təhsil Nazirliyinin təşkilatçılığı ilə keçirilən “Nizami Gəncəvi əsərləri təsviri sənətdə” adlı onlayn respublika baxış-müsabiqəsində 6-9 yaş qrupu üzrə I yeri qazanıb. Şübhəsiz bu, böyük nailiyyətdir. Yeri gəlmişkən qeyd edək ki, hələ birinci sinifdə oxuyarkən  onun öz ad günündə fərdi sərgisi keçirilib.

 

Məryəm hələ özü də balacadır, yaşı da çox azdır. Ancaq gəl ki, bu günlərdə 10 yaşı yenicə tamam olan bu istedadlı qızcığaz  böyük arzularla yaşayır, böyüyəndə məşhur rəssam olacağam, - deyir. Bu istedad sahibinin öz parlaq arzularına qovuşacağına biz də əminik və həmin günün şahidi olmaq arzusu ilə yeniyetmə istedada bol-bol uğurlar  diləyirik.

 

Sifai SƏFƏROVA



23.04.2022 | 12:38