Ədəbiyyatımızın tədrisinə unikal töhfə

Ədəbiyyat tariximizin yeni metodoloji düşüncə ilə tədqiqi və tədrisi müstəqillik dövrünün prioritet məsələlərindən biridir. Professor Təyyar Salamoğlunun “XIX əsrin sonu, XX əsrin əvvəlləri Azərbaycan ədəbiyyatının aktual problemləri” adlı dərs vəsaitinin (Bakı, Elm və təhsil, 2021, 664 s.) nəşri bu mənada mühüm hadisədir. Kitabın elmi redaktoru və “Ön söz” müəllifi professor Yaqub Babayev, rəyçiləri professor Bədirxan Əhmədov və dosent Razim Məmmədlidir. Kitabın “annotasiya”sında qeyd olunur ki, dərs vəsaiti müəllifin XIX əsrin sonu, XX əsrin əvvəlləri Azərbaycan ədəbiyyatına dair tədqiqatlarını əhatə edir.

 

Kitabda milli tənqidi realizmin C.Məmmədquluzadə, M.Ə.Sabir, maarifçi realizmin Ə.Haqverdiyev, N.Nərimanov, İ.Musabəyov, S.M.Qənizadə, romantizmin A.Şaiq C.Cabbarlı, Ə.Cavad, U.Sadıqzadə kimi nümayəndələrəinin yaradıcılığı, ədəbi tənqidin aparıcı simalarından F.Köçərli, S.Hüseyn, Ə.Hüseynzadənin irsi yeni metodoloji konsepsiya əsasında araşdırılmışdır. Dərs vəsaitində milli tənqidi və maarifçi realizmlərin, romantizmin yeni estetik prinsiplərinin müəyyənləşdirilməsi istiqamətində də əsaslı fikirlər irəli sürülmüşdür.

 

Kitab professor Yaqub Babayevin “Meyar həqiqətdir” və müəllifin “Problemlər”in həllinin metodoloji tərəfləri haqqında” yazıları ilə açılır.

 

Diqqətimizi ilk çəkən problemlərin aktuallığı, onlara yanaşma meyarlarının yeni metodoloji konsepsiyaya əsaslanmasıdır. Çünki tənqidi realizmin baniləri Cəlil Məmmədquluzadə və Mirzə Ələkbər Sabir, maarifçi realizmin görkəmli nümayəndələri Əbdürrəhim bəy Haqverdiyev, Nəriman Nərimanov, romantizmin aparıcı simalarından A.Şaiq C.Cabbarlı, Ə.Cavad, habelə, ədəbi tənqidimizin klassikləri Firidun bəy Köçərli, Seyid Hüseyn və Əli bəy Hüseynzadə irsi həmişə müasirimiz, milli- mənəvi sərvətimizdir.

 

Professor Təyyar Salamoğlunun da məqsədi problemlərin həlli metodologiyasının yönlərini göstərmək, nəzəri-metodik və elmi əsaslarını şərh etmək və ümumiləşdirməkdir.

 

Elmi redaktorun qənaətinə görə, “kitabdan dediyimiz dövrün həm ədəbi cərəyanları, bu cərəyanların mahiyyəti və estetikası, onların aparıcı simalarının yaradıcılığının əsas məqamları, məfkurə yükü barədə, həm də o dövr ədəbi tənqidimizin ümumi mənzərələri haqqında müəyyən obyektiv elmi məlumatlar ala bilirik. Belə bir uğurlu cəhət müəllifin xatırladılan ədəbi-tarixi mərhələnin gedişatına, proseslərinə, təmayüllərinə, ideya-mövzu axtarışlarına, təlqin və təbliğ etmək istədiyi mətləblərə  geniş müstəvidə baxmaq istəyindən və missiyasından irəli gəlmişdir. İstək və missiyanın yükü ağır, cəfalı və məsuliyyətli olsa da, nəticəsi səmərəli və fərəhlidir”.

 

Bu mənada Təyyar Salamoğlu tədqiqat prosesində elmi-nəzəri və metodik mənbələr, mətnşünaslıq işləri, mətbuat tarixi və publisistika, arxiv materialları, məqalə və monoqrafiya, habelə, dissertasiya və avtoreferatlara istinad edib, mükəmməl tədqiqat əsərini elm və tədris mühitinə çıxarıb.

 

Kitab müəllifin uzun illər apardığı araşdırmalara, elmi-tədqiqat təcrübəsinə, əldə etdiyi yeniliklərə, mühüm elmi müddəalara istinad edir. Onlar monoqrafiyalarda, jurnal və elmi-metodik toplularda sınaqdan keçirilib, haqqında rəylər, məqalə və ressentyalar yazılıb.

 

Birinci bölmə “Tənqidi realizm”, ikinci bölmə “Maarifçi realizm”, üçüncü bölmə “Romantizm” ədəbi cərəyanlarınına, dördüncü bölmə isə “Ədəbi tənqid”ə dair məsələləri əhatə edib. Doğrudur, sonuncu bölmə əvvəlki üç problemin qoyuluşu və elmi həlli ilə birbaşa bağlanmasa  da, onlarla kompozisiya səddi də yaratmayıb.  Kitab çiddi elmi-tədqiqat mətnləri olsa da, özündə tədris-metodik məqsədi də ehtiva edib, nəşrə dərs vəsaiti kimi təqdim olunub. O səbəbdən nəzəri və tənqidi mətnlər ədəbiyyat tarixçiliyinin üzvi hissəsinə çevrilib, nüfuzlu alimin ədəbiyyatşünaslıq baxışlarını ortaya qoyub.

 

Yanaşmalar ənənəvi təhlil   metodunun tarixi-müqayisəli üsullarına əsaslansa da, problemlərə elmi-nəzəri baxışda əsaslı yeniliklər diqqəti cəlb edir.

 

Tədqiqatlardakı aktual problemlər nədədir? Birincisi, ədəbiyyatşünaslıq müstəvisində tənqidi realizmin müəyyən olunmuş estetikasına yeni yanaşmada. Bu baxımdan, müəllif Cəlil Məmmədquluzadənin təqdimatında mövcud elmi fikir və nəzəriyyələrdəki “Qaranlıq dünya - “zülmət səltənəti” ideyasına fəlsəfi-ideoloji baxış ifadə edib. Bu “fəlsəfi və ideoloji” əsaslar T.Salamoğlunun aydın elmi məntiqi, arqumentlərinin təzəliyi, elmi üslubunun mükəmməlliyi, habelə, yazılı ədəbi dilin publisistikadan sıyrılmış elmi-tədqiqat üsulunda təzahür edib. Alim altı istiqamətdə tənqidi realizmin prinsipləri və tələblərinə cavab -arqument hazırlayıb. Yəni, fəlsəfi-ideoloji zəmin, Mirzə Cəlilşünaslığı yeni mərhələyə daxil etmək, yeni elmi-nəzəri baxış müstəvisi müəyyənləşdirmək (baxmayaraq ki, bu yöndə kifayət qədər mövcud elmi-tənqidi ənənə üzərində hərəkət edib), Novruzəli və Məhəmmədhəsən əmi surətlərinin sovet ideoloji basqıları altında deyil, müstəqilliyin imkan verdiyi bədii mətn kontekstinin diktə etdiyi həqiqətlərlə təqdimi, Novruzəli - Vəli xan, Məhəmmədhəsən əmi - Xudayar bəy tandemində mətn münasibətlərində sanki görünməyən mətləblərin tarixi-estetik mahiyyətdə ifadəsi, “Usta Zeynal” məntiqinin çağdaş yozumu, yeni səviyyəsi, nəhayət, “Ölülər” tragikomediyası poetikasının özüllərində islam qavrayışının dayanması, birləşən mövqelərin təzahürü... Bu baxımdan, müəllif istifadə olunmuş mənbə və qaynaqları da göstərib, nəticələr əldə edib, ümumiləşmələr verib.

 

Mirzə Ələkbər Sabirin təqdimatında beş problem-mövzu, başqa sözlə, yön-istiqamət müəyyənləşdirilib: M.Ə.Sabir realizminə elmi-nəzəri və metodoloji yanaşma təcrübəsinin bir sıra yeni aspektləri, Sabir yaradıcılığının millilik səviyyəsindən təqdimində ədəbi-tənqidi fikrin obyektini genişləndirmək və daha konkret təzahür etdirmək, Sabir satirasındakı “ictimai yuxarılar” təbəqəsinə münasibətin fəlsəfəsini və mahiyyətini aydınlaşdırmaq, Sabir satirasının konkret dialoji-polifonik mənzərəsini canlandırmaq, onun inkar və təsdiq pafosunu yozmaq, nəhayət, mühacirət ədəbiyyatşünaslığının Sabir irsinə olan metodoloji yanaşmalarının fərqində olmaq...Bütün bu problemlərin izahında T.Salamoğlunun baxışları  yenidir, yeni metodoloji konsepsiya səviyyəsindədir.

 

Monoqrafiyanın ikinci bölməsi maarifçi realizm yaradıcılıq metodununun əhatə dairəsindədir. Yəni burada Ə.Haqverdiyev, N.Nərimanov, İ.Musabəyov və S.M.Qənizadə irsinin maarifçi təbiəti tam yeni rakursdan açılır. T.Salamoğlunun yaradıcı dərsləri, mühazirələrinin vüsəti də burada öz işini görüb, yəni daha çox Ə.Haqverdiyev, N.Nərimanov, İ.Musabəyov və S.M.Qənizadə irsi maarif və məktəb səviyyəsindən təqdim olunub. Müasirlik, tarixə konkret  yanaşma, ədəbi-sosial kontekst müəllif mövqeyi üçün əsas götürülüb. Ə.Haqverdiyevin hekayəçiliyi və dramaturgiyası, N.Nərimanovun nəsri və dramaturgiyası, İ.Musabəyovun hekayə, povest və romanları, S.M.Qənizadənin “Məktubati-Şeyda bəy Şirvani” dilogiyası, “Allah xofu” hekayəsi, təbdil və tərcümələrinin görünməyən tərəfləri üzə çıxarılıb. İstifadə olunmuş qaynaqlar göstərilib.

 

Üçüncü bölmə romantizm ədəbi cərəyanının estetikası və fəlsəfəsi - məna və mahiyyəti ilə bağlıdır. Abdulla Şaiq, Cəfər Cabbarlı, Əhməd Cavad, Ümgülsüm Sadıqzadə mətnləri mənbə və qaynaqları ilə birlikdə təhlil predmeti olub. 

 

T.Salamoğlunun “ədəbi tənqid”i üzərində də dayanmaq istəyirəm. Alim  klassik və müasir ədəbi tənqidimizin elmi-estetik əsasları üzərində uzun illər araşdırmalar aparıb, tənqidin K.Talıbzadədən sonrakı elmi-nəzəri təcrübəsinə işıq tutub, F.Köçərlini, S.Hüseyni, Ə.Hüseynzadəni yeni bucaq altında təqdim edib. Elmi təcrübə, ədəbiyyat tarixçiliyi, nəzəriyyəçiliyi və tənqid təcrübəsi müəllif mətnində birləşib. Bütün bunlar həm də Cəlil Məmmədquluzadə, Mirzə Ələkbər Sabir, Nəriman Nərimanov, Əbdürrəhim bəy Haqverdiyev irsinə elmi-estetik baxışın tamamlanmış yönləri, tərəfləridir. Bir sözlə, kitabda elm ilə praktika, tədrislə təcrübə bir-birini tamamlayıb.

 

Professor Təyyar Salamoğlunun “XIX əsrin sonu, XX əsrin əvvəlləri Azərbaycan ədəbiyyatının aktual problemləri” adlı dərs vəsaiti elmi-nəzəri fikrimiz, pedaqoji-metodiki təcrübəmiz üçün faydalı, əhəmiyyətli elmi-metodik qaynaqdır, mənbədir. Bütövlükdə, aktual problemlər “yeni metodoloji konsepsiya əsasında araşdırılıb”, elmi-nəzəri fikrimizin estetikasını zənginləşdirib.

 

Əlizadə ƏSGƏRLİ,

AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu baş direktorunun  müşaviri,  filologiya elmləri doktoru

 



24.04.2022 | 10:46