Xalq şairi Ramiz Rövşənlə tələbələrin görüşü keçirilib

Azərbaycan Dillər Universitetində (ADU) Xalq şairi Ramiz Rövşənlə görüş keçirilib.

 

ADU-nun rektoru, Xalq yazıçısı Kamal Abdulla R.Rövşən yaradıcılığından söhbət açıb, onun şair, tərcüməçi, kinossenarist, ədəbiyyatşünas kimi adını Azərbaycan mədəniyyət tarixinə yazdırmış bir şəxs olduğunu qeyd edib.

 

“Ramiz Rövşən mənim sevimli şairlərimdən biridir. Bu gün bu tədbirdə nə qədər oxucu varsa, hamının üzündə bir sevinc, bir xoşbəxtlik duyulur. Bu sevinc, bu xoşbəxlik Ramiz Rövşən sevgisinin bariz nümunəsidir. Ramiz Rövşənin şeirlərində “Dədə Qorqud” dastanındakı millilik var, onun şeirlərində saf və təmiz duyğuların gözəl təsvirlərlə ifadəsini görmək mümkündür. Bütün bu keyfiyyətlər onun bir şair kimi hər kəs tərəfindən sevilməsinə imkan yaradır”.

 

Filologiya fakültəsinin dekanı Şahin Xəlilli Ramiz Rövşənin bir şair, bir insan kimi yüksək intellektindən, humanizmindən və istedadından danışıb. Qeyd olunub ki, R. Rövşən dünyanın böyük şairləri ilə müqayisə olunur və bu, Azərbaycan üçün böyük uğurdur.

 

ADU-nun professoru Əsgər Zeynalov görüşün əhəmiyyətindən söhbət açıb və tələbələri bu görüşdən faydalanmağa səsləyib.

 

Pedaqogika üzrə fəlsəfə doktoru Oqtay Abbasov R.Rövşən yaradıcılığının özünəməxsus xüsusiyyətlərindən bəhs edib.

 

Təhsil-1 fakültəsinin tələbəsi Sərvər Qəhrəmanlı şairin sözlərinə yazılmış “Bağışla” mahnısı ifa edib, filologiya fakültəsinin tələbəsi Aysel Əlibabalı  şairin “Nə çoxmuş dünyanın yükü” və Təhsil-1 fakültəsinin tələbəsi Fidan Mikayılova “Mən elə bilirdim ölərəm sənsiz” şeirlərini səsləndiriblər.

 

Sonda Xalq şairi R.Rövşən Azərbaycan Dillər Universitetinin tələbələri ilə görüşdən məmnun olduğunu deyib, öz şeirlərini səsləndirib, poeziya və həyat haqqında fikirlərini bölüşüb, tələbələrin suallarını cavablandırıb.

 

 



24.04.2022 | 12:32