AzTU ilə "Manas" Qırğızıstan-Türkiyə Universiteti arasında əlaqələr genişlənir

Azərbaycan Texniki Universiteti (AzTU) ilə "Manas" Qırğızıstan-Türkiyə Universiteti arasında əməkdaşlıq inkişaf etdirilir. Əməkdaşlıq çərçivəsində iki universitet arasında onlayn görüş keçirilib.

 

Görüşdə AzTU-nun rektoru Vilayət Vəliyev, "Manas" Qırğızıstan-Türkiyə Universitetinin rektoru Alpaslan Ceylan və hər iki universitetin nümayəndələri iştirak ediblər.

 

AzTU-nun rektoru V.Vəliyev "Manas" Qırğızıstan-Türkiyə Universiteti ilə bir sıra ixtisaslar üzrə ikili diplom proqramları, müəllim və tələbə mübadiləsi, magistr və doktorantların dissertasiya işlərinin yazılmasında hər iki tərəfdən elmi rəhbərin təyin olunması, digər istiqamətlər üzrə əməkdaşlıq imkanlarını qeyd edib. Rektor Orhun Dəyişim Proqramı ilə bağlı əməkdaşlığın qurulmasının mümkünlüyünü də diqqətə çatdırıb.

 

"Manas" Qırğızıstan-Türkiyə Universitetinin rektoru A.Ceylan və universitetin nümayəndələri də çıxışlarında AzTU ilə qeyd olunan istiqamətlər üzrə əməkdaşlığın inkişaf etdirilməsində maraqlı olduqlarını bildiriblər.

 



25.04.2022 | 13:25