Tələbələr Naxçıvan Gigiyena-Epidemiologiya Mərkəzində

Naxçıvan Dövlət Universitetinin (NDU) tibb fakültəsinin tələbələri Naxçıvan Gigiyena- Epidemiologiya Mərkəzində olublar.

        

Mərkəzdə keçirilən görüş zamanı Naxçıvan Muxtar Respublikasının səhiyyə naziri Niyazi Novruzov qeyd edib ki, muxtar respublikada əhalinin sağlamlığının qorunması sahəsində mühüm tədbirlər həyata keçirilir.  Bildirilib ki, vaxtında aparılan profilaktik və əks-epidemik tədbirlərin nəticəsidir ki, muxtar respublika ərazisində polimelit, difteriya və maliyariya xəstəliyi qeydə alınmır.

        

NDU-nun rektoru Elbrus İsayev isə deyib ki, ali təhsil ocağının göstəriciləri arasında tibb fakültəsinin özünəməxsus yeri var; Hazırda fakültədə 1300-dən artıq tələbə təhsil alır və onların bu sahədə peşəkar kadr kimi yetişdirilməsi üçün müxtəlif tədris planları, təcrübə proqramları həyata keçirilir. Diqqətə çatdırılıb ki, Türkiyənin nüfuzlu Ankara və Qazi universitetləri ilə yaradılan əlaqələr nəticəsində artıq tələbələr yay təcrübələrini həmin ali təhsil müəssisələrində keçmə imkanı əldə edəcəklər. Qeyd edilib ki, universitetdə 1999-cu ildən tibb sahəsi üzrə kadr hazırlığına başlansa da, gigiyena – epidemiologiya profilinə uyğun kadrların hazırlanmasına 2007-ci ildən başlanılıb. E.İsayev qeyd edib ki, keçirilən görüşdə əsas məqsəd tələbələri mərkəzdə yaradılan şərait, buradakı maddi-texniki baza ilə tanış etmək, onları təcrübi cəhətdən məlumatlandırmaq və düzgün istiqamət verməkdən ibarətdir.

        

NDU-nun tibb fakültəsinin dekanı, dosent Elsevər Əsədov ali təhsil ocağında gigiyena – epidemiologiya sahəsində kadr hazırlığından danışarkən qeyd edib ki, bu günədək Tibbi profilaktika sahəsində 100-dən artıq tələbə məzun olub,  hazırda qeyd edilən ixtisas üzrə 63,  İctimai səhiyyə ixtisası üzrə isə 24 tələbə təhsil almaqdadır.

 

Sonra universitetin Tibbi profilaktika ixtisası üzrə VI kurs tələbəsi İlay Ələfsərlinin “Gigiyena – epidemiologiya sahəsində tələbələrin öhdəlikləri” mövzusunda çıxışı dinlənilib.

 

Daha sonra tələbələr mərkəzdə yaradılan şəraitlə əyani tanış olublar. Xüsusi təhlükəli infeksiyalar şöbəsi, Ümumi laboratoriya şöbəsi ilə tanışlıq zamanı tələbələrə DNT, PZR testləri haqqında məlumat verilib. Bildirilib ki, DNT testi bioloji materialın müxtəlif formaları ilə aparılır - tüpürcək, qan, dırnaqlar, saçlar, hətta bir insanın paltarı və ya içdiyi bir fincan ilə test etmək mümkündür. PZR testi isə virusların molekulyar diaqnostikasında  istifadə edilən mikrobioloji müayinə metodlarından biridir.

 

Virusoloji, bakterioloji laboratoriyalarla tanışlıq zamanı sterizilasiya, şüalanma, infeksion xəstəliklərin aşkarı haqqında da tələbələrə  məlumat verilib.

 



25.04.2022 | 19:22