Gənc rəssamın heykəltaraşlıq nümunələrinə dair fərdi sərgisi

Naxçıvan Dövlət Universiteti incəsənət fakültəsində Təsviri incəsənət müəllimliyi ixtisası üzrə III kurs tələbəsi Fərqanə Seyidovanın heykəltaraşlıq nümunələrindən ibarət fərdi sərgisi təşkil olunub.

 

Sərgidə çıxış edən universitetin rektoru Elbrus İsayev fakültədə ənənə halı alan sərgilərin hətta universitetə səfər edən qonaqların da xüsusi marağına səbəb olduğunu diqqətə çatdırıb. “Fakültədə artıq heykəltaraşlıq üzrə peşəkar komandanın formalaşmasının nəticəsidir ki, ali təhsil ocağında müəllimlərin sərgisi ilə bərabər bu ixtisasda təhsil alan tələbələrin də fərdi bacarıqları nümayiş olunur”-deyə rektor gənc istedad sahibini qazandığı uğurları münasibətilə təbrik edib və sərgidə fəal iştirakına görə universitetin sertifikatını ona təqdim edib.

 

Fakültənin dekanı, Naxçıvanın Əməkdar rəssamı Cavid İsmayılov xüsusi qabiliyyəti və istedadı ilə seçilən gənc rəssam haqda danışaraq qeyd edib ki, Fərqanə hələ uşaq yaşlarından etibarən bu sahəyə xüsusi maraq göstərib. Vurğulayıb ki, Naxçıvan Rəssamlar Birliyinin Gənc Rəssamlar Bölməsinin və Gənc rəssamlar klubunun üzvü olan Fərqanə 2020-ci ildə xususi istedadına görə “İlin gənc rəssamı” nominasiyası üzrə təltif edilib.

 

Təsviri incəsənət kafedrasının müdiri Siddiqə Hacıyeva gənc istedadın dəzgah heykəltaraşlıq, monumental-dekorativ, dekorativ heykəltaraşlıq növlərində olan əsərlərini xüsusi bacarıqla ortaya çıxardığını qeyd edib.

 

Sonda F.Seyidova yaradıcılığında bu mərhələyə çatdığına görə atasına minnətdar olduğunu deyib. Bildirib ki, atasından öyrəndiyi bu sənəti ali təhsil ocağında xüsusi ixtisaslı müəllimlərdən aldığı nəzəri və təcrübi biliklər sayəsində təkmilləşdirib. Gənc heykəltaraş ona verilən dəstəyə və yaradıcılığının qiymətləndirilməsinə görə minnətdarlığını ifadə edib. 

 

Qeyd edək ki, sərgidə F.Seyidovanın 30-dan artıq heykəltaraşlıq əsəri nümayiş olunub. Bundan başqa, sərgidə gənc rəssamın yağlı, sulu boya ilə işlənmiş rəngkarlıq nümunələri, qrafik işləri, dekorativ tətbiqi sənət əsərləri də sərgilənib.

 



26.04.2022 | 17:07