Sənayenin davamlı inkişafında innovasiyaların roluna dair elmi konfrans

Naxçıvan Dövlət Universitetində “Naxçıvan Muxtar Respublikasında sənayenin davamlı inkişafında innovasiyaların rolu” mövzusunda respublika elmi konfransı keçirilib.

               

Ali təhsil ocağının rektoru Elbrus İsayev qeyd edib ki, sənaye sahəsində rəqabətqabiliyyətli və ixracyönümlü məhsul istehsalının təşviqi, innovasiyalara əsaslanan yeni müəssisələrin qurulması və uğurların artırılması üçün 2022-ci il muxtar respublikada “Sənaye ili” elan edilib. Vurğulanıb ki, son dövrlərdə muxtar respublikada iqtisadiyyatın bütün sahələrində olduğu kimi, sənayenin inkişafında da böyük uğurlar qazanılıb. Rektorun sözlərinə görə, muxtar respublikanın əldə etdiyi sosial-iqtisadi uğurları həm də ölkəmizin məqsədyönlü regional inkişafı və davamlı milli iqtisadi quruculuq prosesləri fonunda strateji əhəmiyyətli göstərici kimi dəyərləndirmək olar.  Universitet ərazisində yaradılan Texnopark layihəsi isə sənayenin innovasiyalar əsasında inkişafına nümunə kimi göstərilib.  

        

İqtisad üzrə elmlər doktoru, professor Teymur Abbasov  “Naxçıvan Muxtar Respublikasında sənayenin davamlı inkişafı və innovasiya fəaliyyət subyektlərinin formalaşması” mövzusunda çıxış edib. Bildirib ki, iqtisadiyyatın hərtərəfli inkişafını təmin etmək, yüksək texnologiyalar əsasında sənayenin davamlı inkişafına və şaxələndirilməsinə nail olmaq iqtisadi siyasətin əsas məqsədlərindən biridir:”Son illər müasir dövrün tələblərinə uyğun həyata keçirilən uğurlu siyasət davamlı iqtisadiyyatın sənayeləşməsini  və innovativ istehsalın inkişaf etdirilməsini daha da sürətləndirib”.

        

Konfransa onlayn qoşulan Azərbaycan Dövlət İqtisad Universitetinin iqtisad üzrə elmlər doktoru, professor Rəsul Balayev regionun davamlı inkişafına təsir edən amil və şərtlər, həmçinin rəqəmsal iqtisadiyyat haqqında danışıb. Rəqəmsal iqtisadiyyatın qiymətləndirilmə meyarları, indikatorları və strukturundan bəhs edən professor Azərbaycanda rəqəmsal iqtisadiyyatın inkişafı üçün görülən işlərin müsbət nəticələrini və əsas indikator olaraq tranzaksiya xərclərini şərh edib, rəqəmsal mühitdə rəqabət və tənzimləmə məsələlərinə toxunub.

          

Daha sonra konfrans “Sənayenin innovativ inkişafı”, “Sənaye iqtisadiyyatı və sosial iqtisadi inkişaf”, “Sənayenin davamlı inkişafı və turizm” adlı bölmə iclasları ilə davam edib.

 



28.04.2022 | 12:24