“Şuşanın görkəmli musiqi xadimləri”

Bakı Slavyan Universitetində (BSU) Xalq rəssamı Arif Hüseynovun əsərləri sərgilənib. “Şuşanın görkəmli musiqi xadimləri” adlı bədii sərginin açılışında millət vəkilləri, tanınmış mədəniyyət, elm və incəsənət xadimləri, ziyalılar, universitet rəhbərliyi, professor-müəllim heyəti  və tələbələr iştirak ediblər. Azərbaycan Rəssamlar İttifaqı ilə BSU-nun birgə təşəbbüsü olan ilk sərgi çox böyük maraqla qarşılanıb.

 

Tədbirdə çıxış edən millət vəkili Qənirə Paşayeva rəssamın istedadlı, vətənsevər olduğunu xüsusi qeyd edib. Ona görə də işğaldan azad edilən Ağdamda ilk sərginin məhz Arif Hüseynova aid olmasının təsadüfi xarakter daşımadığını deyib. Arif Hüseynovun emalatxanasından Türk dünyasına aid əsərlər çıxdığını və həmin əsərləri hədiyyə etməkdə başlıca istəyinin  vətənin tanınması, mədəni sərvətlərin təbliği olduğunu deyib.

 

Q.Paşayevanın  fikrincə, Xalq rəssamı həm də böyük enerji sahibidir. Bu enerjinin səbəbi də bəllidir: “Arif müəllimi yaşadan onun əsərləridir”.

 

Millət vəkili Ceyhun Məmmədov isə rəssamı yaxşı kitab tərtibatçısı kimi xarakterizə edib.

 

Xalq rəssamı Sirus Mirzəzadə təhsil müəssisəsində belə sənət nümunələrinin sərgilənməsini yüksək qiymətləndirib. O, rəssam dostu Arif Hüseynovun yaradıcılığında özünəməxsusluğu xüsusi vurğulayıb.

 

Xalq artisti Nürəddin Mehdixanlı Arif Hüseynovla tanışlığından danışıb. Rəssamı, ilk növbədə bir sənətkar kimi qiymətləndirib. Onu rəssamlığa “yeni biçim, yeni rənglər gətirən sənətkar” kimi fərqləndirib: “Ən önəmlisi, ağ- qara rənglər arasında başqa rəngləri də görən bir şəxsiyyətdir”.

 

Onun əsərlərinin yetişməkdə olan nəslin tərbiyəsində əhəmiyyətini vurğulayan N.Mehdixanlının sözlərinə görə, vətənin təbliğində bu əsərlərin rolu böyükdür: “Vətəni uşaqlara sevdirmək lazımdır, deyirlər. Arif Hüseynovun əsərləri ilə tanıtmaq kifayətdir. Bu əsərlərlə tanış olan uşaqlar vətəni onsuz da sevəcək”.

 

Bəstəkar Gövhər Həsənzadə Arif Hüseynovun əsərlərindəki ahəngə, musiqiyə diqqət çəkib: “Arif Hüseynovun əsərlərinə baxdığımız ilk üç dəqiqədə musiqini eşitməyə başlayırsan. Onun hər əsərində bir musiqi səslənir”.

 

Xalq şairi Vahid Əziz və Əməkdar incəsənət xadimi, Xalq yazıçısı  Natiq Rəsulzadə rəssamı təbrik edib, sərgi təşəbbüsünü yüksək qiymətləndirib.

 

Xalq rəssamı Arif Hüseynov bu təşəbbüsün davamlı olacağına inamını ifadə edib: “Tələbələrin muzeylərə, qalereyalara getməyə vaxtı olmur. Biz də dedik ki, özümüz gələk. Budəfəki sərgi Şuşaya həsr olunub. İnanıram ki, bu təşəbbüs bütün universitetlərə, təhsil ocaqlarına yayılacaq”.

 

Qeyd edək ki, Şuşaya həsr olunan sərgidə sənətkarın 15 əsəri nümayiş olunub. Sərgidən sonra sənətkar əsərlərini BSU-ya hədiyyə edib.

 

Ruhiyyə DAŞSALAHLI

 



29.04.2022 | 14:08