MDU-da akademik Zərifə Əliyevanın anadan olmasının 99-cu ildönümü qeyd edilib

Mingəçevir Dövlət Universitetində (MDU) görkəmli oftalmoloq alim, akademik Zərifə Əliyevanın anadan olmasının 99-cu ildönümünə həsr edilmiş “Zərifə Əliyeva: xalqımızın daim parlayan və ürəklərdə yaşayan ulduz qadını” adlı tədbir keçirilib. Tədbirdə universitetin akademik və inzibati heyət üzvləri, tələbələr və magistrantlar iştirak ediblər.

 

Humanitar fənlər kafedrasının müdiri, dosent Esmira Cəfərova Zərifə xanımın mənəvi zənginliyin ən uca zirvələrində qərar tutduğunu, xalqımızın qəlbində əbədi sevgi qazandığını bildirib. E.Cəfərova nəcib və insanpərvər Azərbaycan qadınının çoxşaxəli və zəngin fəaliyyətinə toxunub. Azərbaycan tibb elmində parlaq səhifələr açan akademikin əziz xatirəsinin daim böyük ehtiramla yad edildiyini, Zərifə xanım Əliyevanın nümunəvi ömür yolunun gənc nəsil arasında təbliğ olunmasının önəmini qeyd edib. 

 

Sonra tədbirin proqramına uyğun olaraq məruzələr dinlənilib. Xarici dillər kafedrasının müdiri, dosent Zenfira Əzizova “Alim, Vətəndaş, İnsan: Zərifə xanım Əliyeva” və Humanitar fənlər kafedrasının dosenti Flora Namazova “Zərifə xanım Əliyeva: ürəklərdə əbədi yaşayan işıqlı xatirə” mövzusunda məruzələrlə çıxış ediblər.

 

Məruzələrdə Zərifə Əliyevanın görkəmli alim, ziyalı, müəllim, həkim kimi çoxşaxəli, məhsuldar elmi və pedaqoji fəaliyyətindən, tibb sahəsində əldə etdiyi nailiyyətlərdən, yeni nəslin yetişdirilməsindəki rolundan, vəfalı həyat yoldaşı, fədakar və qayğıkeş ana kimi ailəsinə sədaqətindən və milli dəyərlərimizə bağlılığından bəhs edilib.

 



28.04.2022 | 19:25