Təhsil Nazirliyi yanında İctimai Şura üzvləri jurnalistlərlə görüşüb

Aprelin 25-də Təhsil Nazirliyi yanında İctimai Şura və Təhsil Jurnalistləri Birliyinin üzvləri görüşüb. AzEdu təhsil portalının təşkilatçılığı ilə keçirilən görüş maraq doğuran bir çox  məqamlara diqqət çəkib.

 

Məsələn, artıq təhsil ictimaiyyətinə məlum olduğu kimi, İctimai Şura üzvləri təhsildə mövcud problemləri apardıqları sorğu əsasında müəyyən etməyə çalışıblar. Həmin sorğunun nəticələri ilə bağlı təhlillər aparıb. Əsasən valideynlərin qatıldığı həmin sorğu məktəblə münasibətlərdə bir çox məqamların üstünə işıq salıb.

 

Məktəblərdə və ümumiyyətlə, təhsil problemlərinin idarə edilməsində ictimai iştirakçılığın önəmi mühüm əhəmiyyət kəsb edir. Lakin məktəblərdə aparılan müşahidələrdən görünür ki, bu iştirakçılıq formal xarakter daşıyır.

 

İctimai Şura üzvləri təhsildəki problemlərin hər kəsi maraqlandırdığını, ortaya çıxan məsələlərin işıqlandırılmasında jurnalistlərdən də həssas münasibət gözlədiklərini xüsusi qeyd ediblər. Cəmiyyətin məktəbdə şagirdlərin davranışına daha həssas reaksiya verdiyini, əksinə, uğurlu şagird və müəllimlərlə bağlı yazıların az oxunduğunu dilə gətiriblər. Onlar bu cür münasibətin təəssüf doğurduğunu, vəziyyəti dəyişmək üçün birgə əməkdaşlığın səmərəli nəticələri ola biləcəyini düşünürlər.

 

Jurnalistlərin işıqlandırdığı problemlər təhsil ictimaiyyəti üçün vacibdir. Ona görə də bu istiqamətdə Medianın İnkişafı Agentliyi ilə təhsil jurnalistləri arasında əlaqələrin inkişafına xidmət edən tədbirlərə ehtiyac var.

 

Bu və digər məsələlər - təlim-tərbiyə, məktəb, müəllim və valideyn münasibətlərinin tənzimlənməsi istiqamətində İctimai Şurada dekabr ayından bəri aparılan işə diqqət çəkən sədr Günel Səfərova  Təhsil Nazirliyi ilə əməkdaşlığın səmərəli olduğunu vurğulayıb. Hər fikrə diqqət göstərildiyini, hər görüş və tədbirlərdən sonra nazir Emin Əmrullayevin qaldırılan məsələlərlə maraqlandığını söyləyib.

 

AzEdu təhsil portalının direktoru Elşad Eyvazlı İctimai Şura üzvləri ilə jurnalistlər arasında müzakirələrin davamlı olmasına çalışacaqlarını deyib.

 

Jurnalistlər müxtəlif təkliflər səsləndirib, qarşılıqlı əməkdaşlıq və bu əməkdaşlığın səmərəliliyinin artırılması üçün yollar axtarıblar.

 

Ruhiyyə DAŞSALAHLI

 



29.04.2022 | 13:53