Bu gün 25 minə yaxın şagird imtahan verir

Bu gün Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanı keçirilir. DİM-dən bildirilib ki, imtahanda 24864 şagirdin iştirakı nəzərdə tutulub.

 

Bazar günü keçiriləcək imtahanlar da daxil olmaqla, respublikanın 22 şəhər və rayonunda təşkil edilən imtahanlar üçün 207 imtahan binası, 3413 imtahan zalı ayrılıb. İmtahanların idarə edilməsinə 207 ümumi imtahan rəhbəri, 570 imtahan rəhbəri, 4228 nəzarətçi-müəllim, 399 buraxılışı rejimi əməkdaşı (mühafizə), 207 bina nümayəndəsi təhkim olunub.

 

Mayın 1-də  keçiriləcək ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanında isə  19278 nəfər iştirak edəcək. Həmçinin Bakı şəhərində yerləşən xüsusi məktəblərin – internat məktəbləri, eşitmə pozulmaları və danışma, görmə əngəlli şagirdlər üçün xüsusi məktəblər, Çilov adasında yerləşən məktəb, cəzaçəkmə müəssisələrində olan məktəblər, tədrisi ingilis və ya fransız dilində olan məktəblərin şagirdləri də imtahan verəcəklər. Çilov adasında yerləşən məktəbə imtahan rəhbəri və materialların daşınması Azneft İstehsalat Birliyinin helikopteri vasitəsilə həyata keçiriləcək.

 

İmtahanlarda 51 nəfər fiziki məhdudiyyətli (gözdən əlil, eşitmə əngəlli və digər) şagird də iştirak edəcək. Onların rahat şəkildə imtahan verməsi üçün imtahan binalarında ayrıca zallar ayrılıb, gözdən əlillər üçün tapşırıqların oxunması, cavab vərəqinin doldurulması və s. işlər üçün fərdi nəzarətçilər təyin edilib. Eşitmə əngəlli şagirdlər üçün onların dinləmə ilə bağlı qüsurları nəzərə alınaraq xüsusi test kitabçaları hazırlanıb. Hərəkət məhdudiyyətli şagirdlərin bina və zala daxil olması və rahat şəkildə hərəkəti üçün də xüsusi şərait yaradılıb.

 



30.04.2022 | 11:02