Yaponiyada yaşayan azərbaycanlı alim Naxçıvan Dövlət Universitetində

Naxçıvan Dövlət Universitetində Yaponiyada yaşayan azərbaycanlı  alim Xəlil Kələntərlə görüş keçirilib. 

 

Ali təhsil ocağının rektoru Elbrus İsayev X.Kələntərin elmi fəaliyyəti və nailiyyətləri haqqında məlumat verib. Bildirib ki, professor X.Kələntər əvvəlki və yeni nəsil monitorların yaradılmasında əvəzsiz xidmətləri olan alimdir. Bütün dünyada elektronika sahəsində tədris edilən onlarla kitabın, çoxsaylı elmi məqalələrin müəllifi olan X.Kələntər həm də Dünya Azərbaycanlılarının Əlaqələndirmə Şurasının üzvüdür. Rektor nüfuzlu alimin 40 ilə yaxındır ki, Yaponiyada yaşamasına və fəaliyyət göstərməsinə baxmayaraq, öz vətəni Azərbaycanla çox sıx münasibətlərinin olduğunu qeyd edib.

 

“Çoxsaylı patent və ixtiraların müəllifi olan X.Kələntərin Yaponiyada yaradılmış və bütün dünyada geniş istifadə olunan texnologiyaların – fotoaparatlar, kameralar, elektron şüa qurğuları, mikrosxemlər, plazma monitorları, maye kristal monitorların hazırlanmasında böyük xidmətlərinin olması olduqca qürurvericidir. Alimin elmi və praktiki nailiyyətləri beynəlxalq elm aləmində də yüksək səviyyədə qiymətləndirilir” - deyə E. İsayev vurğulayıb.

 

Professor apardığı elmi tədqiqatlar və patentlər haqda məruzəsini təqdim edib. Maye kristallar və onun inkişaf perspektivlərindən söz açan X. Kələntər bildirib ki, LED işıqları (maye kristal displeyin arxa fon işıqları) televizor, kompüter və mobil telefonların əsas hissələrindən biridir. Bu texnologiyadan smartfonlar, mobil telefon və kompüterlərdə, həmçinin avtomobillərdə geniş istifadə olunur. O, eyni zamanda özünün müəllifi olduğu və bütün dünya ölkələrində geniş istifadə edilən “Backlight unit” və “Backligt optics” texnologiyaları barədə məlumat verib.

 

Professor ənənəvi və müasir televizorların arxa fon işıqlarının strukturu, maye kristal ekranlar, 3D dispeleylər və digər ekran texnologiyaları  barədə də danışıb.

 

Tədbirin sonunda müəllim və tələbələrin sualları cavablandırılıb.

 

Qeyd edək ki, 1981-ci ildən Yaponiyada yaşayan  X. Kələntər Naqoya və Tohoku universitetlərində doktorluq dərəcəsi alıb. Elektronika mühəndisliyi, yeni nəsil ekranların yaradılması sahəsində 100-ə yaxın patentin, yapon dilində altı kitabın, 130-dan artıq elmi məqalənin müəllifidir. Azərbaycanlı alim LCD televizor, kompüter və mobil telefonların əsas hissələrindən birinin – maye kristal displeyin arxa fon işıqlarının yaradıcısıdır. Dünyada ilk dəfə işıqla yönləndirilən mikro-reflektorlu və mikro-deflektorlu optik lövhələr yaradıb. Bununla yanaşı, o, işıqla yönləndirilən mikrostrukturlu funksional optik lövhələrin ilk dizayneri, müəllifi və istehsalçısıdır. Əsərləri ingilis, yapon, Çin və Koreya dillərində dərc olunub. Yalnız Yaponiyada deyil, Amerika, Asiya və Avropada elektronika, yeni nəsil displey ekranlar sahəsində böyük mütəxəssis kimi tanınır. Həmin sahədə uzun müddət çalışdığına görə X.Kələntərə müvafiq beynəlxalq konfranslarda Yaponiyanı təmsil etmək hüququ verilib.

 



30.04.2022 | 10:24