Naxçıvanşünaslığa yeni töhfə

Müstəqilliyimizin yenidən bərpasından sonra ölkəmizdə bütün sahələrin hərtərəfli inkişafı istiqamətində mühüm işlər görüldü və bu gün respublikanın daha da güclənməsi naminə bu inkişaf yüksək templə davam etdirilir. İnkişaf təhsil və elm sahələrini də əhatə etməkdədir. Naxçıvanda da elm və təhsil sahəsi dövlət səviyyəsində diqqət və qayğı ilə əhatə olunub, elmin müxtəlif sahələrində çalışan mütəxəssislərin yeni-yeni elmi nailiyyətlərə imza atması üçün imkanlar yaranıb.

 

Naxçıvan Dövlət Universitetinin professor-müəllim heyəti yaradılmış şəraitdən səmərəli istifadə etməklə gənc nəslin həm düzgün tərbiyə olunması, həm də elmin sirlərinə əhatəli şəkildə yiyələnməsi üçün səylə çalışır, eyni zamanda elmi axtarışlarını həvəslə davam etdirirlər.  

 

Universitetdə təqdimatı keçirilən, tarix elmləri doktoru, dosent Xəzər Hüseynovun “İkinci Dünya müharibəsindən sonra Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi və mədəni inkişafı (1946-1969-cu illər)” adlı monoqrafiyası da öz elmi aktuallığı, tarixi faktlarla zənginliyi, xüsusilə arxiv materialları ilə seçilən bir tədqiqat əsəridir. Monoqrafiyanın mühüm hissəsi İkinci Dünya müharibəsindən sonrakı dövrdə Naxçıvanda xalq təsərrüfatının inkişafı məsələləri, muxtar respublikanın sosial-iqtisadi və mədəni inkişaf problemləri, əldə etdiyi uğurlar, ayrı-ayrı dövrlərdə məruz qaldığı çətinliklər və başqa bu kimi məsələlərin araşdırılmasına aiddir.

 

“Giriş”də Naxçıvan iqtisadiyyatının və mədəni həyatının bütün dövrlərinin hərtərəfli və əsaslı şəkildə tədqiqata cəlb edilməsinin aktuallığı vurğulanır.

 

İki yarımfəsildən ibarət olan “Naxçıvanın sənayesi (1946-1949-cu illər)” adlanan birinci fəsildə tədqiqatçı İkinci Dünya müharibəsindən sonrakı illərdə Naxçıvanda geridə qalmış sənaye sahələrinin yeni texniki avadanlıqlarla təchizatı, yeni sənaye müəssisələrinin, o cümlədən barama açan, tikiş, mebel, quşçuluq fabriklərinin, Badamlı və Sirab mineral su dolduran zavodların, tütün fermentasiya, konserv, avtomobil təmiri, elektrotexnika, aliminium qablar zavodlarının, ət və süd kombinatının və digər istehsal sahələrinin qurulması və fəaliyyətini elmi tədqiqata cəlb edib.

 

Fəslin ikinci hissəsində yeni yaradılan sənaye müəssisələrinin, xüsusilə dağ-mədən sənayesinin qurulması, Naxçıvanın xammal ehtiyatlarından səmərəli istifadə ilə əlaqədar geoloji-kəşfiyyat işlərinin aparılması haqqında maraqlı məlumatlar Naxçıvan tarixinin tədqiqi ilə məşğul olan alimlər üçün lazımi materiallar əldə etmək imkanı yaradır. Həmçinin bu fəsildə yüngül və yeyinti sənayesi ilə bağlı məsələlər öz əksini tapıb. Naxçıvanın pambıqçılıq təsərrüfatı, ipək emalı, tikiş sənayesi və başqa bu kimi sahələr də müəllif tərəfindən tədqiqata cəlb olunub.

 

“Naxçıvanın kənd təsərrüfatı İkinci Dünya müharibəsindən sonrakı dövrdə (1946-1969-cu illər) adlanan ikinci fəsil yeddi yarımfəsillə əhatə edilib. Xəzər müəllim bu fəsildə müharibədən sonrakı vəziyyəti qələmə alaraq SSRİ Ali Sovetinin, həmçinin Azərbaycan SSR Ali Sovetinin qəbul etdiyi 1946-1950-ci və sonrakı illəri əhatələyən dövrün kənd təsərrüfatının inkişaf dinamikasından bəhs edib.

 

“Naxçıvan Muxtar Respublikasında xalq təsərrüfatının və mədəniyyətin inkişafı (1946-1949-cu illər)” adlı üçüncü fəsildə müəllif muxtar respublikanın xalq təsərrüfatının vəziyyətini 1946-1970-ci illər ərzində nəşr olunmuş “Şərq qapısı” qəzetinin müxtəlif saylarında və bu dövrlə bağlı göstərilən digər mənbələrdəki  faktlar əsasında təhlil edib, çatışmazlıqları, həmçinin zəhmətkeşlərin əməyinin qiymətləndirilməsini diqqətə çatdırıb.

 

Tədqiqat əsərinin üçüncü fəslinin dördüncü yarımfəslində müharibədən sonrakı 23 illik tarixi dövrdə təhsilin vəziyyəti, ümumtəhsil məktəbləri şəbəkəsinin genişlənməsi, onların quruluşundakı dəyişikliklər barədə maraqlı faktlar öz əksini tapır. Müəllim kadrlarının hazırlanması işi ilə məşğul olan təhsil müəssisələrinin fəaliyyəti, əldə edilmiş nailiyyətlər barədə məlumatlar bu yarımfəsildə geniş işıqlandırılıb. Üçüncü fəslin digər yarımfəsillərində müharibənin çətinliklərindən sonrakı dinc quruculuq illərində səhiyyə və mədəni - maarif işinin təşkili ilə bağlı məsələlər haqqında maraqlı faktlar yer alıb.

 

Tarix elmləri doktoru, dosent Xəzər Hüseynovun bu monoqrafiyası, həqiqətən də Naxçıvanşünaslıq üçün əhəmiyyətli bir tədqiqat əsəridir. Xəzər müəllimə bundan sonrakı elmi və pedaqoji fəaliyyətində uğurlar arzulayırıq.

 

Qadir Əkbərov,

Naxçıvan Dövlət Universitetinin Azərbaycan tarixi

kafedrasının müəllimi, tarix üzrə fəlsəfə doktoru

 



02.05.2022 | 11:31