“Azərbaycanda milli iqtisadi sistemin formalaşması və inkişafı” mövzusunda konfrans

Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) ümummilli lider Heydər Əliyevin anadan olmasının 99-cu ildönümünə həsr edilən “Azərbaycanda milli iqtisadi sistemin formalaşması və inkişafı” mövzusunda respublika elmi-praktiki konfrans keçirilib.

 

Millət vəkilləri, ali təhsil müəssisələrinin rektorları, elm xadimləri və digər qonaqların iştirak etdiyi konfransın açılışında UNEC rektoru, professor Ədalət Muradov, Yeni Azərbaycan Partiyası (YAP) sədrinin müavini, Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov çıxış ediblər.

 

Rektor Ə.Muradov Ulu Öndərin zəngin iqtisadi irsinin öyrənilməsinin əhəmiyyətindən söz açaraq, dahi liderin uğurlu siyasəti nəticəsində Azərbaycanın sürətli inkişafının təmin olunduğunu, qiymətlərin liberallaşdırıldığını, tələb-təklif mexanizminin işə düşdüyünü, özəlləşdirməyə start verildiyini, xarici investorların ölkəmizə cəlb edilməsi istiqamətində ciddi əsasların yaradıldığını, eləcə də Azərbaycan vətəndaşının rifahının əhəmiyyətli dərəcədə yüksəldiyini bildirib.

 

Rektor Azərbaycanın iqtisadi modelinin bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini, 44 günlük müharibədə əldə edilən zəfərin əsasında məhz bu iqtisadi modelin dayandığını diqqətə çatdırıb.

 

YAP sədrinin müavini, Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov Ulu Öndərin çoxşaxəli fəaliyyətindən, eləcə də sosial-iqtisadi konsepsiyasının prioritetlərindən danışıb. Ümummilli liderin aqrar sahədə,  milli təhsilin inkişafında, milli hərbi kadrların hazırlanmasında, eləcə də azərbaycançılıq ideologiyasında göstərdiyi misilsiz xidmətlərindən söz açıb.

 

Sonra millət vəkili Vüqar Bayramov “Ümummilli lider Heydər Əliyev və Azərbaycanın milli iqtisadi inkişaf modeli”, kafedra müdiri, professor Ümidvar Əliyev “Azərbaycanda bazar iqtisadi sisteminin formalaşmasının nəzəri əsasları və xüsusiyyətləri” mövzularında məruzələrlə çıxış ediblər.

 

Konfrans çərçivəsində Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri Sadiq Qurbanlının “Zamana sığmayan lider: Heydər Əliyevin idarəçilik və varislik fəlsəfəsi” adlı monoqrafiyasının təqdimatı olub.

 

Sonra Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti vəzifəsini icra edən, akademik Arif Həşimov, Bakı Ali Neft Məktəbinin rektoru Elmar Qasımov, AMEA-nın həqiqi üzvü, Milli Məclisin deputatı İsa Həbibbəyli, millət vəkili Fatma Yıldırım Ulu Öndərin dövlət quruculuğundakı misilsiz xidmətlərindən söz açıb, monoqrafiyanın Ümummilli Liderin zəngin irsinin öyrənilməsi istiqamətində əhəmiyyətli rol oynayacağını diqqətə çatdırıblar.

 

Konfrans mayın 5-də “Azərbaycanın milli inkişaf modeli”, “Maliyyə, bank, mühasibat və audit sisteminin inkişaf modeli”, “Azərbaycanda sahibkarlıq fəaliyyətinin inkişafı”, “Azərbaycanda intellektual və yaradıcı potensialın inkişafı”, “Qarabağda yeni iqtisadiyyat quruculuğu: imkanlar və perspektivlər” mövzularında bölmə iclasları ilə davam edəcək.

 



05.05.2022 | 11:12