Türk Ağsaqqallar İctimai Birliyinin rəhbərliyi Naxçıvan Dövlət Universitetində olub

Türk Ağsaqqallar İctimai Birliyinin (TAİB) sədri və təşkilat komitəsinin üzvləri Naxçıvan Dövlət Universitetində (NDU) olub.

 

Ali təhsil ocağının rektoru Elbrus İsayev rəhbərlik etdiyi universitetin 55 illik tarixi inkişaf yolu, maddi-texniki bazası, müasir tədris üsulları haqda danışıb. Qeyd edilib ki, universitetdə 8000-dən artıq tələbənin təhsili ilə 1000-ə yaxın akademik heyət məşğul olur. Rektor universitetin beynəlxalq əlaqələri, xarici ölkə universitetləri ilə bağladığı müqavilələr, qardaş Türkiyə universitetləri ilə ikili diplom layihələrinin mövcudluğu haqda ətraflı məlumat verib. Ali təhsil ocağının qazandığı elmi nailiyyətləri diqqətə çatdıran rektor universitetdə ingilisdilli ixtisaslardan  söz açıb.  E.İsayev elektron təhsil şəbəkəsini quran ilk universitet kimi NDU-da hibrid təhsil metodunun uğurlu tətbiqindən də danışıb.

 

Rektor Britaniya Şurasının universitetdə açdığı İELTS qeydiyyat və imtahan mərkəzinin fəaliyyətə başlamasını qazanılan  nailiyyətlər sırasında qeyd edib. Vurğulanıb ki, mərkəzin ilk imtahanı bu ilin iyun ayında keçiriləcək. E.İsayev qeyd edib ki, universitetdə əcnəbi tələbələr üstünlük təşkil edir,  10 ölkədən 1500 tələbə təhsil alır.

 

TAİB sədri, akademik Sudeif İmamverdiyev təhsilin və tədrisin yüksək səviyyədə təşkilindən, muxtar respublikanın tələbləri nəzərə alınmaqla aparılan kadr potensialından xüsusilə razılığını ifadə edib.

 

Millət vəkili Hikmət Babaoğlu ali təhsil ocağının inkişaf perspektivləri ilə bağlı müəyyən məqamlara toxunub, öz təkliflərini çatdırıb.

 

Jurnalist, Ekspert Mərkəzinin rəhbəri Ceyhun Musaoğlu, TAİB Təşkilat Komitəsinin üzvü Eyvaz Hümbətov, Missiya Media Qrupunun baş redaktoru, Türk Ağsaqqalları Birliyinin Aparat rəhbəri Nicat Dağlar universitet haqda xoş təəssüratlarını bölüşüb, görülən işlərdən məmnunluq hisslərini dilə  gətiriblər.  

 

Qeyd edək ki, Türk Ağsaqqallar Birliyinin sədri və təşkilat komitəsi üzvlərinin iştirakı ilə universitetdə ustad dərsləri təşkil olunub.

 



05.05.2022 | 11:46