“Azərbaycanşünaslığın aktual problemləri” XIII Beynəlxalq elmi-praktik konfrans

Bakı Slavyan Universitetində (BSU) ümummilli lider Heydər Əliyevin anadan olmasının 99-cu ildönümünə həsr edilmiş “Azərbaycanşünaslığın aktual problemləri” mövzusunda ənənəvi XIII Beynəlxalq elmi-praktik konfrans başlayıb. Tədbirdə Nəsimi rayonu icra hakimiyyətinin başçısı Asif Əsgərov, Çexiya- Azərbaycan Elm və Mədəniyyət  Mərkəzinin sədri, iqtisad elmləri doktoru, professor Azər Kərimov, BSU-nun rektoru, siyasi elmlər üzrə fəlsəfə doktoru Anar Nağıyev, universitetin professor-müəllim heyəti və doktorantlar iştirak ediblər.

 

Konfrans iştirakçıları əvvəlcə Fəxri Xiyabanda ulu öndər Heydər Əliyevin xatirəsini dərin ehtiramla yad edib, məzarı önünə əklil qoyublar.

 

Konfransın açılış mərasimində çıxış edən BSU-nun rektoru, siyasi elmlər üzrə fəlsəfə doktoru Anar Nağıyev Vətən müharibəsi zamanı qazanılmış Zəfərin təməlinin İkinci Qarabağ savaşından xeyli öncə, ötən əsrin 90-cı illərindən ümummilli lider Heydər Əliyevin müdrik inkişaf strategiyası ilə qoyulduğunu bildirib. O, 2020-ci il noyabrın 8-də Şəhidlər Xiyabanında tarixi Zəfər münasibətilə xalqa müraciət edən Ali Baş Komandan İlham Əliyevin “Mən xoşbəxtəm ki, ata vəsiyyətini yerinə yetirdim!” sözlərini xatırladaraq,  Qarabağın, Şuşanın, bütün torpaqlarımızın azad edilməsinin Ulu Öndərin öz siyasi varisinə tarixi vəsiyyəti olduğunu və bunun Prezident İlham Əliyev tərəfindən reallaşdırıldığını vurğulayıb. Rektor Ümummilli Liderin ideyalarının daim yaşadığını, onun irəli sürdüyü azərbaycançılıq məfkurəsinin dərindən öyrənildiyini bildirib.

 

Nəsimi rayon icra hakimiyyətinin başçısı Asif Əsgərov ulu öndər Heydər Əliyevin gərgin ictimai-siyasi dövrdə xalqın tələbi ilə hakimiyyətə gəldiyini, Azərbaycana rəhbərlik etdiyi zamanlarda onun müdrik siyasətinin xalqın özünüdərkində çox böyük rolu olduğunu söyləyib. Ümummilli Liderin əsasını qoyduğu strategiyanın davamı olaraq, bütün sahələrdə, həmçinin təhsil sahəsində aparılan islahatlara toxunub. Prezident İlham Əliyev tərəfindən bu strategiyanın davam etdirildiyini nəzərə çatdırıb.

 

Çexiya-Azərbaycan Elm və Mədəniyyət  Mərkəzinin sədri, iqtisad elmləri doktoru, professor Azər Kərimov, BSU-nun elmi işlər üzrə prorektoru, professor Rafiq Novruzov, “İki sahil” qəzetinin baş redaktoru, BSU-nun Jurnalistika kafedrasının müdiri, professor Vüqar Rəhimzadə, filologiya elmləri doktoru, professor Leyla İmaməliyeva ümummilli lider Heydər Əliyevin Azərbaycan xalqı qarşısında misilsiz xidmətlərindən bəhs edib, bütün sahələrdə, o cümlədən təhsil sahəsində Ulu Öndərin həyata keçirdiyi siyasətin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini diqqətə çatdırıblar.

 

Konfransa AMEA-nın nəzdində fəaliyyət göstərən insititutlar, müxtəlif universitetlər, o cümlədən, Rusiya, Qazaxıstan, Ukrayna ali məktəblərindən, ümumilikdə, 169 məqalə qəbul olunub.

 

Konfransın bölmə iclaslarında yerli və xarici alimlərin “Ulu öndər  Heydər  Əliyev və  Azərbaycançılıq məfkurəsi”, “Azərbaycan tarixi və mədəniyyətinin aktual problemləri”, “Azərbaycanşünaslıq və  filologiya  məsələləri” və digər mövzularında məruzələri dinləniləcək.

 

 



05.05.2022 | 12:21