“Yaşıl şəbəkə” – Ekoklub üzvlərinin VII Ekoloji Forumu keçirilib

30 aprel ˗ 3 may tarixlərində “Yaşıl şəbəkə” ekoloji maarifləndirmə proqramı çərçivəsində ekoklub üzvlərinin hibrid formatda VII Ekoloji Forumu keçirilib. Forum Təhsil Nazirliyinin dəstəyi, Respublika Uşaq-Gənclər İnkişaf Mərkəzinin təşəbbüsü və təşkilatçılığı ilə baş tutub. 

 

Onlayn keçirilən VII Ekoloji Forumda Bakı şəhərinin 40 ümumtəhsil məktəbi və 30 regional uşaq˗gənclər inkişaf mərkəzində fəaliyyət göstərən ekoklubların 2500 üzvü arasından seçilmiş 250-ə yaxın məktəbli iştirak edib.

 

VII Ekoloji Forumda Respublika Uşaq-Gənclər İnkişaf Mərkəzinin direktoru Firuza Sultan˗zadə, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ekoloji maarifləndirmə və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Səyyarə Məmmədova, “Təhlükəli tullanılar” MMC-nin direktor əvəzi Çingiz Mehdiyev çıxış edib.

 

Forumda təhlükəli tullantıların idarə olunması ilə əlaqədar sual-cavab və mövzu ətrafında müzakirələr təşkil olunub, seçilmiş ekoklub liderlərinin illik fəaliyyətlərinə dair hesabat çıxışları dinlənilib. Onlayn hissə ilə paralel olaraq gənc ekoloqlar Ekologiya və Təbii Sərvətlər Nazirliyinin təşkilatçılığı ilə keçirilən ağacəkmə aksiyasında iştirak edib.

 

Forumun davamı olaraq iqlim dəyişmələri və onun monitorinqi mövzusunda ekoklub liderləri və eko-startupçıların iştirakı ilə Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Milli Hidrometeorologiya Xidmətində görüş keçirilib. Görüşdə Milli Hidrometeorologiya Xidmətinin rəisi Umayra Tağıyeva Azərbaycanda ilkin hidrometeoroloji müşahidələrin tarixi və departamentin iş prosesi barədə məktəblilərə ətraflı məlumat verərək hidrometeoroloji stansiyaların iş prinsipi, işğaldan azad olunmuş rayonlarda hidrometeoroloji şəbəkənin tez bir zamanda bərpa olunmasının nəzərdə tutulduğunu bildirib.

 

Forum çərçivəsində ekoklub liderləri istifadəyə yararsız elektrik batareyalarının toplanması ilə əlaqədar sosial aksiyada aktiv iştirak edərək batareyaların zərərləri barədə müxtəlif çağırışlar hazırlayıblar.

 

Qeyd edək ki, Ekoloji Forumun məqsədi ətraf mühitin qorunması sahəsində məktəblilərin ekoloji biliklərinin artırılması, onlarda xüsusi bacarıq və səriştənin formalaşdırılması, “Yaşıl Şəbəkə” devizi altında uşaq və gənclərin ekoloji hərəkatının genişləndirilməsi, ekoklub liderlərinin ötən tədris ili fəaliyyətinə dair təcrübə mübadiləsindən ibarət olub.

 

 



05.05.2022 | 18:42