Müəllim hazırlığında qlobal çağırışlar

Qlobal çağırışlar dönəmində milli təhsil sistemləri qarşısında duran ən aktual  vəzifələrdən biri  yüksəkhazırlıqlı, dövrün tələblərinə cavab verən müəllim hazırlığını təmin etməkdir. İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının (OECD) və   Beynəlxalq Şagird Qiymətləndirilməsi Proqramının (Programme For Student Assessment) qiymətləndirmələrinə əsasən Finlandiya dünyada  məktəb təhsili səviyyəsinə görə liderdir. Bu yazımızda Finlandiya təhsil sistemində ayrı-ayrı səviyyələr üzrə  müəllim və mütəxəssis hazırlığının aspektlərini diqqətə çatdırmağa çalışırıq.

 

Pedaqoji təhsil sistemi: qısa xarakteristika

 

Finlandiyada müəllimlik peşəsi ən hörmətli və tələb olunan peşələrdən biridir. Eyni zamanda, ən sərt seçimlərdən keçərək məktəb müəllimi olmaq mümkündür  - pedaqoji fakültələrin ən yaxşı məzunlarının 30%-i arasından yalnız daha yaxşıları (statistikaya görə bu, təxminən 12 faizdir) müəllimliyə seçilirlər.

 

Təhsil sahəsində çalışan mütəxəssislərin ixtisasları ölkənin  təhsil qanununda təsbit olunub və müəllimin kateqoriyasından asılı olaraq fərqlənir. Dövlət tələblərinin sərt olması pedaqoji təhsilin keyfiyyət meyarının yüksək səviyyədə qalmasının zəmanətidir.

 

Finlandiyada pedaqoji təhsil alan tələbələrin əksəriyyəti universitetlərdə oxuyur. Fənn mütəxəssisləri ənənəvi olaraq universitetlərdə hazırlanır və əsasən orta ümumtəhsil məktəblərində dərs deyirlər. İbtidai məktəb müəllimlərinin hazırlığı ötən yüzilliyin 70-ci illərinin əvvəllərindən, uşaq bağçası tərbiyəçilərinin hazırlığı isə 90-cı illərin ortalarından universitetlərdə həyata keçirilir.

 

Tələbə üçün pedaqoji karyeranın ilk mərhələsi 180 ECTS (Avropa Kredit Transferi Sistemi) kreditini əhatə edən bakalavr,  ikincisi isə 120 ECTS kredit toplanmasını nəzərdə tutan magistr dərəcəsidir. Məktəblərdə dərs deməyə yalnız magistr dərəcəsi olanlara icazə verilir. Bu dərəcənin alınması aşağıdakı kursların məcburi olaraq mənimsənilməsini nəzərdə tutur: kommunikativ səriştəlilik (12 kredit), təhsil texnologiyası (75 kredit), pedaqogika və psixologiya (35 kredit), əsas fənn ixtisası (35 kredit), əlavə fənn ixtisası (35 kredit), seçmə kursları (5-8 kredit).

 

Tələbələr ixtisas üzrə əsas və ya baza fənlər kurslarından, aralıq və qabaqcıl səviyyəli kurslardan keçirlər ki, bu da 120 ECTS, həmçinin əlavə ixtisas üzrə baza və aralıq kurslarından - 60 ECTS kreditdən ibarətdir. Ümumi məbləği 300 ECTS krediti olan tam dərəcəni beş ildən sonra almaq mümkündür. 

 

Uşaq bağçası tərbiyəçisi və ya böyüklər üçün axşam məktəblərinin müəllimi olmaq istəyənlər 3 illik bakalavriat proqramını bitirirlər. Bu ixtisas həm uşaq bağçasında, həm də axşam məktəbində işləmək üçün kifayət etsə də, bir çox müəllimlər magistr dərəcəsi almaq məqsədilə təhsillərini davam etdirirlər.

 

Pedaqoji təhsil fənn mütəxəssisi üçün profilə uyğun olaraq tədris fənləri üzrə kursları və pedaqoji təcrübəni əhatə edir. Tələbələrin pedaqoji təcrübəsi həm istehsalat hazırlığı məktəblərində, pedaqoji hazırlıq şöbələrində, həm də adi məktəblərdə keçirilə bilər.

 

Uşaq bağçalarının təcrübəçi-tərbiyəçiləri adətən gündüz tibbi yardım mərkəzlərində təcrübə keçirlər. Magistr diplomu olan müəllimlər təhsillərini doktorluq səviyyəsində də davam etdirə bilərlər.

 

Məktəbəqədər təhsil və erkən məktəb təhsili mütəxəssislərinin hazırlanması

 

Uşaq bağçası tərbiyəçiləri

 

Ölkədə məktəbəqədər müəssisələr sistemi son dərəcə inkişaf etmişdir: fin məktəblilərinin böyük əksəriyyəti əvvəlcədən uşaq bağçalarından və körpələr evlərindən keçir. Məktəbəqədər təhsil problemləri daim ictimai müzakirənin fokusundadır, əsas məsələ “Uşağın uşaq bağçasından məktəbə keçməsini necə rəvan  etmək olar” sualıdır. 

 

Uşaq bağçası tərbiyəçilərinin 1 yaşdan 6 yaşa qədər azyaşlılarla işləməsi səbəbindən gələcək mütəxəssis məktəbəqədər təhsildə ixtisaslaşmaq üzrə bakalavr pilləsini bitirməlidir. Bu proqram çərçivəsində öyrənilən fənlər uşaq bağçalarında və məktəbəqədər təhsil müəssisələrində dərs demək üçün lazım olan peşə səviyyəsini (ixtisasını) nəzərdə tutur.

 

Universitetdə əsas təhsil almış uşaq bağçası tərbiyəçiləri əqli cəhətdən qüsurlu və psixi inkişafı gecikmiş uşaqlarla korreksiya məktəblərində işləmək üçün xüsusi və ya korreksiyaedici təlim müəllimi kimi əlavə ixtisas əldə edə bilərlər. Bunun üçün onlar müvafiq ixtisaslaşdırılmış hazırlıq proqramından keçməlidirlər.

 

Məktəbəqədər təhsil müəssisələrinin müəllimləri

 

Öz ixtisası üzrə universitet təhsil səviyyəsinə malik uşaq bağçası tərbiyəçiləri gündüz tibbi yardım mərkəzlərində və ya məktəblərdə məktəbəqədər hazırlıq müəllimi kimi də işləyə bilərlər. İcbari  ümumi təhsildən əvvəlki məktəbəqədər təhsil  səviyyəsi 6 yaşlı uşaqlar üçün nəzərdə tutulur. Məktəbəqədər hazırlıq müəssisələrində çalışan müəllimlərin əksəriyyəti uşaq bağçası tərbiyəçisi ixtisasına malikdirlər, lakin bu səviyyədə təhsil və tərbiyə fəaliyyəti üçün ibtidai məktəbin ixtisaslı mütəxəssisləri də cəlb edilə bilər.

 

İcbari ümumi təhsil və gələcək  mütəxəssislərin hazırlanması

 

Məktəbəqədər təhsil müəssisələrindən sonra uşaq 16 yaşına qədər təhsil alacağı əsas məktəbə daxil olur. Fin məktəb təhsil sisteminin xarakterik xüsusiyyəti imtahanların olmamasıdır. Hətta əsas məktəbi bitirdikdən sonra da imtahan verilmir. Digər bir xüsusiyyət isə təlimin daxili fərqləndirməsindən imtina etməkdir. Təhsilin bu mərhələsində bir fənnin digərlərinə ziyan vuraraq dərindən öyrənilməsi xoş qarşılanmır. “Elit” siniflərin ümumi axından ayrılması qadağandır.

 

İbtidai məktəb müəllimləri

 

Bir qayda olaraq, ibtidai məktəb müəllimləri uşaqlara icbari  ümumi təhsil prosesinin ilk 6 ilini tədris edirlər. İbtidai mərhələdə onlar öz siniflərində və ya bir qrup məktəbli üçün tədris planına daxil olan bütün fənlər üzrə təlim keçirlər.  Müvafiq ixtisas əldə etmək üçün tələbələr pedaqoji hazırlıq şöbəsində pedaqoji elmlər sahəsində ixtisaslaşmış magistr diplomu almalıdırlar. Bu istiqamətdəki diplom pedaqoji təhsil proqramını və ibtidai sinif şagirdləri üçün tədris planında nəzərdə tutulmuş bütün fənləri ümumiləşdirir. Bundan əlavə, proqram ümumtəhsil məktəbi proqramından fənlər üzrə əsas və aralıq fənləri əhatə edə bilər ki, bu da müəllimlərin 7-9-cu sinif şagirdlərinə həmin fənləri tədris etməyə hazırlaşmasıdır.

 

İbtidai məktəb müəllimləri xüsusi təhsilə köçürülmüş məktəbli qrupları ilə də işləmək hüququna malikdirlər, yalnız korreksiya təhsili müəllimlərinin hazırlanması proqramı üzrə əlavə təhsil aldıqları halda.

 

Orta məktəb müəllimləri

 

“Fənn mütəxəssisləri”  ixtisaslı müəllimlər 7-9 illik icbari  ümumi təhsil mərhələsində məktəblilərlə işləmək üçün hazırlanırlar. Fənn mütəxəssisi  həm də orta məktəbin yuxarı siniflərində, eləcə də təhsil səviyyəsindən asılı olaraq peşə-texniki və böyüklər üçün məktəblərdə də tədris  fəaliyyəti göstərə bilər. Orta məktəb  müəllimi ixtisasını almaq üçün iki yol mövcuddur. Tələbələrin əksəriyyəti ali təhsil müəssisəsini müəyyən fənn üzrə magistr dərəcəsi ilə bitirir və artıq diplomu aldıqdan sonra bir qismi onları pedaqoji hazırlıq kurslarına qəbul etməyi xahiş edirlər. Lakin bir çoxları əvvəlcə pedaqoji təhsil proqramına daxil olur,  paralel olaraq fənn üzrə biliklər də alırlar. Mütəxəssislərin fikrincə, pedaqoji təhsilin birbaşa seçilməsi müəllimin şəxsiyyətinin inkişafına daha əlverişli təsir göstərir, çünki tələbələr universitetə daxil olarkən pedaqoji peşə alacaqlarını dərk edirlər.

 

Fakültələrdə tələbələr tez-tez gələcəkdə tədris etməyi planlaşdırdıqları iki fənnə xüsusi diqqət yetirirlər. Bununla yanaşı, tədris proqramlarına əsasən  profil fənni üzrə dərinləşdirilmiş fənn kursları, həmçinin ikinci fənn üzrə baza və aralıq tədris kursları öyrənilir. Bu cür təlim modeli ən çox ana dili və ədəbiyyat müəllimlərinin hazırlanmasında tətbiq olunur, bütün tədris prosesi yalnız bu iki fənn üzərində qurulur.

 

İbtidai məktəbdə xüsusi təhsil müəllimləri/korreksiya təhsili müəllimləri

 

Qeyd etmək lazımdır ki, Finlandiyada korreksiya təlimi sisteminə böyük diqqət yetirilir. Korreksiya təhsili alan müəllimlərin əksəriyyəti adi müəllimlə birlikdə 9 il uşaqlarla işləyir. Korreksiya təhsili müəllimləri həm ayrı, həm də ibtidai və orta məktəb müəllimi ilə eyni otaqda işləyə bilər. İbtidai məktəbin mütəxəssisləri məktəb şurası tərəfindən korreksiya təhsili üçün göndərilən zəif məktəblilərin kiçik qruplarına  tədris keçirlər. 

 

“Korreksiya təhsili müəllimi”  ixtisasını almaq üçün pedaqoji hazırlıq şöbəsinin xüsusi (korreksiya) təhsil sahəsində magistr diplomu lazımdır. Bu ixtisaslı müəllimlərin təhsilinə korreksiya müəllimi kimi işləmək üçün lazımi peşə bacarıqları verən müəyyən fənlər, həmçinin pedaqoji tədris proqramı daxildir.

 

Gələcəkdə ibtidai məktəbin korreksiya müəllimi peşəsini seçməyi planlaşdıran tələbələr ibtidai məktəbin tədris proqramına daxil olan bütün fənlər üzrə əlavə kursdan keçməlidirlər. Çox vaxt korreksiya təhsili müəllimi ixtisasını ibtidai təhsil sahəsində diplomlu mütəxəssislər alırlar. Korreksiya müəllimi kimi işləmək üçün istənilən istiqamətdə magistr diplomuna, sonra isə bu sahənin  mütəxəssisi kimi hazırlanmaq üçün lazımi təhsil proqramını bitirərək korreksiya təhsili müəllimi dərəcəsinə sahib olmaq kifayətdir. Əqli cəhətdən qüsurlu  məktəblilərlə işləyən mütəxəssislərin bu qrup uşaqlarla  məşğul olmaq  üçün peşə bacarığı verən təhsillə yanaşı universitetin  müvafiq diplomu da olmalıdır.

 

Kuratorlar - məsləhətçilər

 

Məsləhətçi adətən məktəblilərlə 9 il məcburi ümumi məktəb, kurator isə əsasən orta məktəbin yuxarı siniflərində, peşə-texniki məktəblərdə və texniki institutlarda işləyir. Bu mütəxəssislər şagirdlərə və tələbələrə təhsil kursunu düzgün planlaşdırmağa, təhsilin gələcək trayektoriyasını müəyyənləşdirməyə, əsas texnologiyalarla tanış olmağa və əmək bazarını öyrənməyə kömək edir.

 

Bu və ya digər ixtisaslara sahib olmaq üçün tələbə humanitar elmlər, xüsusilə təhsil sahəsində və ya pedaqoji elmlər üzrə magistr diplomu almalıdır. Bundan əlavə, kurator/məsləhətçi kimi ixtisaslaşmaq üçün istənilən elmlər sahəsində magistr diplomu almaq, eyni zamanda müəllimlərin göstərilən ixtisaslara hazırlıq proqramı üzrə əlavə təlim keçmək olar.

 

Beləliklə

 

  • *  Müəllimlərin yüksək ixtisaslı hazırlıq ənənəsi Finlandiyada dövlət təhsil sisteminin uğurunun əsas amilidir.
  • *  Yüksək səviyyədə təşkil olunmuş mütəxəssislərin akademik hazırlığı peşəni daha cəlbedici edir.
  • *  Məktəblərdə dərs deməyə yalnız magistr dərəcəsi olanlara icazə verilir.
  • *  Pedaqoji təhsilin yenidən təşkili 30 il əvvəl ölkənin təhsil sisteminin ümumi islahatı ilə birgə həyata keçirilmişdir.
  • *  Məktəbəqədər təhsil və ibtidai məktəbin bütün mütəxəssisləri ali təhsilə malikdirlər, çünki finlandiyalı ekspertlərin fikrincə, bu sektorda ən ixtisaslı pedaqoqlar işləməlidirlər.
  • *  Təhsil həm finlər, həm də əcnəbilər üçün pulsuz olaraq qalır. Finlandiyalı tələbələr dövlətdən pul müavinəti - təqaüd və mənzil üçün əlavə ödəniş alırlar.
  • * Hər il Finlandiya hökuməti tərəfindən təhsil sisteminin maliyyələşdirilməsi üçün büdcənin xərclənən hissəsinin təxminən 15,5% -i ayrılır. Eyni zamanda, Finlandiyada ali təhsil üçün tam dövlət xərcləri bütün təhsil xərclərinin 21,7% -ni təşkil edir. Universitetin bir tələbəsinə görə bu xərclər ildə təxminən 8 min avrodur.
  • *  Ali məktəbdə (gimnaziyada) təhsil üç il davam edir. Bitirdikdən sonra matrikulyasiya imtahanı - məktəblilər üçün ilk və son sınaq keçirilir. Buna baxmayaraq, universitetə daxil olmaq bu imtahandan o qədər də asılı deyil, hər bir universitetin təşkil etdiyi qəbul sınaqlarının nəticələrindən asılıdır.
  • *  Məktəb təhsilinin uğurlarında məktəblilərə dəstək sistemi də xüsusi rol oynayır. Şagirdlərlə işləyən psixoloqların və sosial işçilərin sayına görə fin məktəbləri Avropa ölkələri arasında aparıcı yerlərdən birini tutur. Bundan əlavə, ümumtəhsil məktəbi üçün müəllim/şagird nisbəti burada 1:15, gimnaziyalar üçün 1:18 təşkil edir. Kiçik qruplarda təhsilə üstünlük verilir.

 

Oruc MUSTAFAYEV

 



13.05.2022 | 10:23